Dubaydakı konsulluğumuz hərəkətə keçdi - Zeynəb Cavadlı məsələsi böyüyür
Dubay Əmirinin qardaşı oğlu Şeyx Səid bin Məktum Əl-Məktumun keçmiş həyat yoldaşı, azərbaycanlı eks-gimnast Zeynəb Cavadlı ilə bağlı məsələ nəzarətə götürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Baş Konsulluqdan bildirilib.
Məlumata görə, diplomatik nümayəndəlik Zeynəb Cavadlı ilə bağlı kütləvi informasiya vasitələrində yayılan xəbərlərdən məlumatlıdır:
“Məsələnin araşdırılması və qeyd olunan məlumatların dəqiqləşdirilməsi məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki aidiyyəti qurumları, o cümlədən hüquq-mühafizə orqanları ilə müvafiq işlər aparılır. Baş Konsulluq mandatına uyğun olaraq zəruri tədbirləri görməkdədir”.
Qeyd edək ki, Zeynəb Cavadlı və üç qızının gecə saatlarında Dubay polisi tərəfindən aparıldığı iddia edilir. Məsələ ilə bağlı açıqlama verən idmançının britaniyalı vəkili Devid Heyq bu hadisədən sonra müvəkkili ilə bütün əlaqələrin kəsildiyini bildirib. Zeynəbə dəstək üçün Dubaya yollanan anasının da evə daxil olmasına icazə verilmədiyi və ölkədən çıxışına qadağa qoyulduğu deyilir.
Hadisə ilə əlaqədar artıq BMT-yə müraciət edilsə də, bundan təxminən iki ay əvvəl Dubay məhkəməsinin uşaqların atası Şeyx Səidə verilməsi barədə qərar çıxardığı məlumdur. Sözügedən sənəddə zərurət yaranacağı təqdirdə hökmün “məcburi qaydada və zor tətbiq edilməklə” icra olunacağı vurğulanıb.
Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktumun qardaşı oğlu Şeyx Səid bin Məktum bin Rəşid Əl-Məktumun keçmiş həyat yoldaşı Zeynəb Cavadlı və üç qızının Dubay polisi tərəfindən qaçırıldığı bildirilir.
Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Cavadlının vəkili, britaniyalı hüquqşünas Devid Heyq müvəkkili və uşaqları ilə əlaqənin tamamilə kəsildiyini bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatına təcili müraciət olunub.
Heyq sonuncu dəfə Z.Cavadlı ilə bir gün əvvəl danışdığını, daha sonra isə bütün əlaqənin dayandığını qeyd edib. Vəkil iddia edir ki, Dubay polisi və təhlükəsizlik qüvvələri gecə saatlarında Cavadlının evinə gələrək onu və üç qızını aparıblar.
Məlumata görə, Zeynəbin anası da qızına dəstək olmaq üçün Dubaya gedib. Lakin o, evin bağlı olduğunu görüb və ölkədən çıxışına icazə verilmədiyini deyib.
Hadisənin fonunda uzun müddətdir davam edən qəyyumluq mübahisəsinin dayandığı bildirilir. Dubay məhkəməsi iki ay əvvəl verdiyi qərarla Cavadlının üç qızını ataları Şeyx Səidə təhvil verməsini tələb edib. Qərarda zərurət yaranacağı təqdirdə bunun məcburi qaydada icra oluna biləcəyi qeyd olunub.
Keçmiş azərbaycanlı milli gimnast olan Zeynəb Cavadlı daha əvvəl yayımladığı videomüraciətdə uşaqlarının əlindən alınacağından ehtiyat etdiyini bildirmişdi. O, məhkəmə qərarları səbəbindən evinə basqın ediləcəyi və uşaqlarının zorla aparılacağı barədə xəbərdarlıq aldığını iddia etmişdi.
Devid Heyq bildirib ki, məsələ ilə bağlı BMT çərçivəsində hüquqi prosedurlar başladılıb və beynəlxalq təşkilatlar vəziyyətə müdaxilə etməyə çağırılıb.
Dubay polisi və Şeyx Səidin hüquqi nümayəndələri tərəfindən iddialarla bağlı rəsmi açıqlama verilməyib.
Mənbə: https://oxu.az/dunya/dubay-sahzadesinin-azerbaycanli-kecmis-xanimi-ve-uc-qizi-qacirildi