Daun sindromlu uşaqlar üçün yaz düşərgəsi təşkil edilib
Bakı, 5 mart, AZƏRTAC
Sağlamlıq imkanları məhdud olan uşaqların reabilitasiyası, sosial xidmətlərlə təmin edilməsi, cəmiyyətə inteqrasiyası və onların valideynlərinə psixososial dəstəyin göstərilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə martın 5-14-də daun sindromlu uşaqlar üçün 10 günlük yaz düşərgəsi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, yaz düşərgəsində 25 uşaq iştirak edir.
Düşərgənin ilk günü uşaqların mütəxəssislərlə ümumi tanışlığı məqsədilə iclas təşkil olunub və düşərgə qaydaları haqqında məlumat verilib. Eyni zamanda, mütəxəssislər tərəfindən uşaqların fiziki və psixoloji inkişaf vəziyyəti qiymətləndirilib, ilkin psixososial dəstəyin göstərilməsi məqsədilə valideynlər üçün təlim təşkil olunub. Daha sonra uşaqlar üçün fərdi inkişaf proqramı tərtib edilib.
Düşərgənin açılışında çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva tövsiyələrini verib və ürək sözlərini bildirib.
Qeyd edək ki, düşərgədə hər gün uşaqlar üçün psixoloq, sosial işçi və təlimçilər tərəfindən interaktiv oyunlar, inkişafetdirici təlimlər, eləcə də art-terapiya, idman məşğələləri, rəqs dərsləri, eyni zamanda, iştirakçıların asudə vaxtının səmərəli təşkili məqsədilə əyləncəli proqramın, maraqlı ekskursiyaların təşkili nəzərdə tutulub.
Hər günün sonunda uşaqlar müvafiq olaraq inkişafetdirici cizgi filmi izləyəcək, akt zalında səhnə və rəqs təlimlərinə qatılacaq, fərdi istedadın aşkarlanması məqsədilə onlar üçün təşkil olunacaq minidisko, talant-şouda iştirak edəcəklər.