Böyük Britaniyada “omikron” ştamından ilk ölüm halı qeydə alınıb
Bakı, 13 dekabr, AZƏRTAC
Böyük Britaniyada koronavirusun “omikron” ştamına yoluxmuş insanlar arasında ilk ölüm halı qeydə alınıb. AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson bu gün məlumat verib.
“Təəssüf ki, biz “omikron” ştamına yoluxma nəticəsində xəstəxanaya yerləşdirilmə hallarını müşahidə edirik. “Omikron” ştamına yoluxmuş ən azı bir xəstə dünyasını dəyişib”, – deyə hökumət başçısı Londonun qərbindəki peyvənd mərkəzinə baş çəkdikdən sonra jurnalistlərə açıqlamasında qeyd edib.
“Omikron” ştamına yoluxduqdan sonra ilk ölüm halının müəyyən edilməsi ilə əlaqədar Baş nazir ölkə sakinlərini koronavirus əleyhinə “buster” dozası ilə peyvəndi təxirə salmamağa çağırıb. “Düşünürəm ki, “omikron”un koronavirusun daha yumşaq bir versiyası olduğu fərziyyəsini bir kənara qoymalıyıq. Etiraf etmək lazımdır ki, o, əhali arasında yüksək sürətlə yayılır. Belə bir vəziyyətdə edə biləcəyimiz ən yaxşı hərəkət peyvəndin “buster” dozasını vurdurmaqdır”, – deyə o bildirib.
Baş nazirin sözlərinə görə “omikron” ştamı Londondakı bütün koronavirusa yeni yoluxma hallarının 40 faizini təşkil edir. “Artıq sabah yeni halların əksəriyyəti bu ştamla əlaqəli olacaq”, – deyə o əlavə edib.