Bakıda “Anadangəlmə ürək-damar xəstəliklərinin müalicəsində müasir yanaşmalar” mövzusunda elmi-praktik konfrans keçirilir

Bakı, 14 dekabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə dekabrın 14-də ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Anadangəlmə ürək-damar xəstəliklərinin müalicəsində müasir yanaşmalar” mövzusunda Beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Dövlət Gömrük Komitəsi Tibb Xidmət İdarəsinin rəisi, Əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov konfransı açaraq ulu öndər Heydər Əliyevin əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi üçün göstərdiyi diqqət və qayğıdan danışıb. Prezident İlham Əliyevin səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirimləsi və yeni tibbi avadanlıqlarla təchizatı ilə əlaqədar gördüyü işlər, eləcə də ürək-damar cərrahiyyəsi sahəsində son illər əldə edilən uğurları qeyd edib. O, həmçinin Heydər Əliyev Fondunun qayğısı nəticəsində ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələrin, xüsusılə uşaqların müalicəsinə göstərilən köməkdən bəhs edib.

Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin konfrans iştirakçılarına təbrik məktubu oxunub.

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, tibb elmləri doktoru Nəsib Quliyev, Türkiyə Ürək və Sağlamlıq Fondunun prezidenti, professor Öztəkin Oto və Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi, tibb elmləri doktoru, Əməkdar həkim Rəşad Mahmudov konfransın açılışında çıxış edərək onun işinə uğurlar arzulayıblar.

Dörd paneldən ibarət olan konfransda “Anadangəlmə ürək qüsurları, genetika, skrininq və ümumi baxış”, “Yenidoğulmuşlarda təcili vəziyyətlərdə nə etməli?”, “Anadangəlmə ürək qüsurlarında xüsusi vəziyyətlər: vaksinasiya və reabilitasiya” və “Mitral və aortal qapaqların müalicəsində innovativ yeniliklər” mövzularında çıxışlar dinləniləcək.