Azərbaycanda 2500-ə yaxın leykemiya xəstəsi var

Fevralın 17-də “Park Bulvar”da “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin və “Ümid.az” Xeyriyyə Forumunun birgə təşkilatçılığı ilə Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Gününə həsr olunmuş xeyriyyə yarmarkası keçirilir. Sərgidə kitablar, bijuteriya, oyuncaqlar və müxtəlif əl işləri satılır.
İctimai Birliyin sədri Mehriban Bağırova AZƏRTAC-a bildirib ki, təşkilat 2006-cı ildə yaradılıb. Təşkilat fəaliyyətə başladıqdan sonra 15 fevral- Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Gününü hər il qeyd edir və leykemiyalı uşaqlara dəstək tədbirləri, aksiyalar keçirir. Bugünkü xeyriyyə yarmarkası “Leykemiya ilə mübarizə ayı” layihəsi çərçivəsində təşkil olunub. Bundan əlavə, martın 3-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında incəsənət nümayəndələrinin qatılacağı və xəstəlikdən sağalan uşaqların iştirak edəcəyi “Qəddar leykoz və cəsarətli şahzadə” xeyriyyə tamaşası nümayiş olunacaq.
“Məqsədimiz cəmiyyətimizi yardım etməyə, biganə olmamağa səsləməkdir. Hər il 5-6 tədbir təşkil edir, maddi imkanları zəif olan ailələri ərzaq və onların leykemiyalı uşaqlarını dərman preparatları ilə təmin edirik. Bu işdə təşkilatın könüllülərinin də sayı artmaqdadır. Əksəriyyəti tələbələrdən ibarət olan 100-ə yaxın könüllü var. Hədəfimiz Azərbaycanda müasir tipli hematoloji mərkəzin və bölgələrdən müalicə üçün gələn ailələrin müvəqqəti yaşayış yeri olan pansionatların yaradılmasına nail olmaqdır.
Leykemiya sağalan xəstəlikdir. İctimai Birliyin təşkil etdiyi tədbirlərdə biz bunu cəmiyyətə aşılamaq istəyirik. Vaxtında aşkarlanmış leykemiyanın müalicəsi daha tez müsbət nəticə verir. Uşaqların sağalma şansı 85 faizdir, yəni hər 10 uşaqdan 8-i öz sağlamlığına qovuşur. Bəzən kritik durumda olan balacalar da müalicə alaraq şəfa tapırlar.
Hazırda qeydiyyatda olan leykemiyalı uşaqların sayı 290-a yaxındır, respublika üzrə isə 300-dən çoxdur. Leykemiya ilə təkcə uşaqlar deyil, böyüklər də xəstələnə bilər. Statistikaya görə, ümumilikdə, Azərbaycan üzrə 2500-ə yaxın leykemiya xəstəsi var. Hər bir insanda həmin xəstəlik aşkarlana bilər. Xəstəliyə tutulmanın əsas səbəbləri kimi stress, genetik faktorlar, ətraf mühitin çirklənməsi, qidaların tərkibindəki kimyəvi maddələr ön sırada yer alır. İmmuniteti zəif olan uşaqlar, zökəm kimi müxtəlif virusa yoluxan balacalar da leykemiya xəstəsi ola bilər. Onkoloji xəstəliklərin uşaqlar arasında yayılması 40 faizə bərabərdir. Lakin digər onkoloji xəstəliklərə nisbətən leykemiya uşaqlar arasında daha çox yayılıb. Buna baxmayaraq, leykemiyadan sağalan uşaqlar da çoxluq təşkil edir”, – deyə təşkilatın sədri qeyd edib.
“Ümid.az” Xeyriyyə Forumu ilə 2010-cu ildən etibarən əməkdaşlıq etdiklərini söyləyən M.Bağırova bugünkü yarmarkanın axşam saat 10-a kimi davam edəcəyini vurğulayıb.