Avqustun 1-dən 7-dək Ümumdünya Ana südü ilə Qidalanma Həftəsidir

Bakı, 1 avqust, AZƏRTAC

Avqustun 1-dən 7-dək Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə Ümumdünya Ana südü ilə Qidalanma Həftəsi keçirilir.

AZƏRTAC xəbər verir ki, onun təsis edilməsi 1990-cı ildə ÜST və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən ana südü ilə qidalanmanın qorunması, təşviqi və dəstəklənməsinə yönəlmiş İnnoçeti Bəyannaməsinin qəbul edilməsi ilə əlaqədardır.

Hazırda dünyanın 170-dən çox ölkəsində Ümumdünya Ana Südü Həftəsi qeyd olunur. Onun məqsədi qadınları ana südü ilə qidalandırmanın sağlamlıq faydaları haqqında məlumatlandırmaqdır.

Tədbirin koordinatoru olan Qlobal Ana südü ilə Qidalanma Alyansının fikrincə, ana südü ilə qidalandırma yeni doğulmuş körpələri ehtiyac duyduqları qidalarla təmin etməyin ən yaxşı yoludur.

ÜST körpələrin altı ay müddətində ana südü ilə qidalanmasını, həmin müddətdən sonra isə onu lazımi qidalarla birlikdə davam etməyi tövsiyə edir. Bununla yanaşı, mütəxəssislər körpəni dünyaya gəldiyi ilk saat ərzində ana südü ilə qidalanmasına başlamağın vacibliyini də qeyd edirlər.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hər il bu tarix ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olunur. Bu tarixin keçirilməsində məqsəd körpələrin ana südü ilə qidalandırılmasını təbliğ və təşviq etmək, ana südü ilə qidalandırmanın körpələrin, o cümlədən anaların sağlamlığı üçün əhəmiyyəti barədə geniş maarifləndirmə aparmaqdır.

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən bu istiqamətdə müntəzəm olaraq maarifləndirmə tədbirləri həyata keçirilir, məlumatlandırıcı materiallar hazırlanaraq nəşr edilir və əhaliyə paylanılır.