Ana südünün faydalarına qısa baxış

Ana südü körpəniz üçün çox faydalıdır. Belə ki:
- Körpənizin fiziki və psixi inkişafı üçün ən lazımlı qida məhsuludur.
- Hər zaman hazırdır, təmizdir, uyğun temperaturdadır və əlavə vəsait tələb olunmur.
- Həzm edilməsi ən asan məhsuldur.
- Hər ananın südü onun övladına uyğun formadadır. Hətta yarımçıq (vaxtından əvvəl) doğulmuş körpəyə ana südü ona uyğundur.
- Körpənin böyüməsini tənzimləyən böyümə faktorları tərkibində olduğundan körpənin böyüməsini və inkişafını sürətləndirir.
- Ana südü körpənin ilk 6 ayda ehtiyacı olan protein, yağ, minerallar və s. maddələrlə zəngindir. Ona görə D vitamini xaricində, körpənin əlavə qidaya, əlavə mayeyə, vitaminə ehtiyacı yoxdur.
- Körpənin piylənmə (həddindən artıq kilo alması) riski daha aşağıdır.
- Anadan ilk süd (Kolostorum) körpə üçün çox vacibdir, hətta ona körpənin ilk peyvəndi belə demək olar.
- Ana südünün tərkibində olan antitellər körpəni infeksiyalara qarşı da qoruyur.
- İshalı yarada biləcək mikroorqanizmlərin inkişafının qarşısını alır.
- Ana südü ilə qidalan körpələrdə qan azlığı daha az müşahidə olunur.
- Sonrakı yaşlarda inkişaf edə biləcək xəstəliklər daha az müşahidə edilir. Misal üçün: alergik xəstəliklər, şəkər xəstəliyi, astma, xərçəng xəstəliyi, diş çürükləri və sair.
- Tərkibində olan A vitamini hesabına göz xəstəliklərinə qarşı qoruyur.
- Ana südü alan körpələrdə qarın ağrısı, bişməcə və qəbizlik daha az müşahidə olunur.
- Ani körpə ölümü (SİDS) daha az müşahidə olunur.
- Körpəniz ana südünü əmdiyi zaman sakitləşir. Yəni ana südünün körpəni sakitləşdirici, rahatlaşdırıcı xüsusiyyəti də vardır.
- Ana südü ilə qidalan körpələr daha az ağlayırlar və rahat yatırlar.
- Əmizdirmə prosesi ilə ana ilə körpə arasında əlaqə (hisslər) daha da güclənir.
- Körpənizin mental (ağıl) inkişafı daha yaxşı olur.
Ana südü analar üçün də çox faydalıdır. Belə ki:
- tez əmizdirməyə başlanılmaqla doğumdan sonra baş verə biləcək qanamaların tez kəsilməsinə səbəb olur, süd vəzilərində şişmə və iltihablanma olmaz və bu zaman ana “zahılıq dövrü”nü daha rahat və problemsiz keçirər.
- Uşaqlığın daha qısa müddətdə normal ölçülərə geri qayıtmasına imkan verir.
- Əmizdirməklə anadan ifraz olunan hormonlar hesabına ana dincəlir və sakitləşir.
- Əmizdirən analarda süd vəzisi və uşaqlıq xərçəngi riski daha az müşahidə olunur.
Məsləhətlər
- Doğuşdan sonra ilk 1 saat içində körpə əmizdirilməyə qoyulmalıdır.
- İlk 6 ay ərzində körpəni ancaq ana südü qidalandırmaq kifayətdir.
- Ana südüylə birlikdə 6 aydan etibarən əlavə qidalara başlanıla bilər.
- 2 yaşına qədər ana südü ilə birlikdə əlavə qidalara davam edin.
Qeyd: yuxarıda qeyd edilən məsləhətlər yarımçıq doğulmuş və ya vacib xəstəliyi olan körpələr xaricində bütün körpələrə aiddir.
Dr. Nərmin Əzizova