11 Sentyabr 2019

“6-cı xəstəlik” və ya “Roseola infantum” (Ekzantema subitum) nədir?

“6-cı xəstəlik” və ya Roseola İnfantum – herpes qrup virusların səbəb olduğu kəskin, səpkili uşaqlıq dövründə meydana gələn xəstəlikdir. Əsasən 6 ay – 2 yaş arasında uşaqlarda olub və adətən uşaqlar bu xəstəliyə bağçada yoluxulurlar. İnfeksiya ilin hər hansı dövründə ortaya çıxa bilər və əsasən yüngül əlamətlərlə özünü büruzə verir. Əsas əlamətləri yüksək hərarət və bədənin bir çox nahiyəsində yayılmış qırmızı səpkilərdir. Əsasən bir neçə gün davam edən qızdırmadan sonra səpkilər meydana çıxır. Səpkilər ailələri qorxuda biləcək olsa da rozeolalar yüngül olur və bu zaman xəstəxanada yatmağa ehtiyac olmur. Müalicə əsasən simptomatik olub və əksər hallarda xəstədə 1 həftəyə tam sağalma müşahidə edilir.

“6-cı xəstəliyə” səbəb nədir?

Səbəb “herpes” ailəsindən olan “herpes” virusu 6 və 7 dir (HHV-6, HHV-7).

“6-cı xəstəliyin” əlamətləri

Yoluxmuş şəxslə təmasdan 1 və ya 2 həftə sonra infeksion əlamətlər ortaya çıxır. Əlamətlərin bir qismi aşağıda göstərilmişdir:

  • Qızdırma- “Roseola infantum” əsasən kəskin və 38 dərəcəni keçən yüksək qızdırma ilə başlayır. Qızdırma əsasən 3 – 5 gün müddətində davam edir;
  • Boğaz ağrısı;
  • Burun axıntısı;
  • Öskürək;
  • Boyunda şişmiş limfa düyünləri;
  • Dəri səpkiləri. Qızdırma dərəcəsi aşağı düşdükdən qısa müddət ərzində 12- 24 saat ərzində gövdə də qırmızı səpkilər əlamət verir. Səpkilər 2-3 mm ölçüdə çəhrayı ləkələr və ya yamalar şəklində olub, basmaqla solan olur. Əsasən səthi hamar olub, amma bəziləri nahamar da ola bilər. Bəzən ləkələrin ətrafında ağ halqa da ola bilər. Səpkilər əsasən sinə, bel və qarın nahiyəsindən başlayır və daha sonra üz və ətraflara yayılır. Qaşıntı və ya narahatçılıq hissinə səbəb olmur və ən gec 1-3 günə keçir. Bəzən uşaqlıq dövrü infeksiyalarından qızılca, məxmərəkdən fərqləndirilməkdə çətinlik çəkilir;
  • Körpələrdə və kiçik yaşlı uşaqlarda ümumi narahatçılığa səbəb ola bilər.
  • Yüngül ishal;
  • İştahsızlıq;
  • Göz qapaqlarında şişkinlik.

Bəzən əlamətlər bilinməyəcək qədər yüngül və silinmiş ola bilər. Xüsusən böyük yaşlı uşaqlarda daha çox silinmiş və yüngül formalar müşahidə edilir.

Kiçik yaşlı uşaqlarda yüksək hərarətə bağlı olaraq qıcolmaya da səbəb ola bilər. Əgər uşaqda qızdırmaya bağlı olaraq qıcolma müşahidə edilirsə təcili yardıma müraciət edilməlidir. Aşağıdakı əlamətlərdə həkimə müraciət etməyiniz ağırlaşmaların qarşısını almaqda vacibdir:

  • Uşağınız da 39.4 dərəcəni keçən daha yüksək qızdırma varsa;
  • Qızdırma 7 gündən çox davam edirsə;
  • Səpkilər 3 gündən çox davam edirsə.

Bütün virus xəstəlikləri kimi insandan insana yoluxur. Xəstədən sağlam insana hava- damcı, təmas yolu ilə ötürülə bilir. Misal olaraq xəstə insanla sağlam insan eyni stəkanı istifadə etməsi belə kifayətdir. Səpkilər ortaya çıxmadan əvvəl də yoluxdurucudur. Xəstə uşaqda ancaq qızdırma olması belə yoluxduruculuq üçün kifayətdir.

İmmun sistem tam formalaşmadığı üçün 6 – 15 ay arası körpələr məruz qaldıqda daha ağır keçirə bilərlər. İmmun sistem çatışmazlığı olan xəstələrdə risk qrupuna aiddirlər. 6 aylıqdan aşağı olan körpələr isə anadan keçən antitellər hesabına qorunduqları üçün risk qrupuna aid deyillər.

Diaqnoz: Xəstədə yüksək qızdırmanın düşməsindən sonra xarakterik səpkilərin yaranması ilə diaqnoz qoyula bilinər. Çox zaman laborator analizlərə ehtiyac olmur. Nadir hallarda virus serolojik testlərdən istifadə oluna bilinər. Ağırlaşmalar görülən və immun çatışmazlıq olan xəstələrdə isə müxtəlif qan testləri yoxlanılmalıdır.

Müalicə: Xəstəyə əsasən simptomatik müalicə aparılır. Viruslar tərəfindən törədildiyi üçün antibiotiklərin istifadəsinə ehtiyac yoxdur. Xəstəliyin daha yüngül və ağırlaşma olmadan keçməsi üçün aşağıdakılar ev şəraitində edilə bilər:

  • Yataq rejimi;
  • Bol maye qəbulu;
  • Otaq havası tez- tez dəyişdirilməli;
  • Qızdırması olan uşaqlara qızıdrma salıcı verilməli və qalın geyindirilməməlidir; Qızdırma haqda və necə aşağı salına bilinər haqda öyrənmək istəyirsinizsə linkə https://pediatriya.az/qizdirma-haqqinda-bilmeli-oldugumuz-vacib-melumatlar/ daxil ola bilərsiniz;
  • Səpkilər əsasən əlavə müalicəyə ehtiyac olmadan özü keçir. Çünki ağırlaşmalar müşahidə edilmir və qısa müddətli olur.

Ağırlaşma: Xəstəliyə bağlı olaraq ağırlaşmalar nadir görülür. Ən çox müşahidə edilən ağırlaşma isə qızdırmaya bağlı görülən qıcolmalardır. Qızdırmaya bağlı qıcolmalar zamanı nə etməlisiniz öyrənmək istəyirsizsə linkə -https://pediatriya.az/qizdirma-ile-bagli-qicolmalar-barede-vacib-melumatlar/  daxil ola bilərsiniz. İmmun çatışmazlıq olan uşaqlarda isə ensefalit kimi ağırlaşmalarda verə bilər.

Qorunma yolları:“Roseola infantumdan” sağlam insanları qoruyan hər hansı peyvənd yoxdur. Bu xəstəliyi keçirən uşaqlarda ömür boyu immunitet qazanılır.  Xəstəlikdən əsas qorunma yolu xəstə insanlarla təmasdan uzaq durmaq və ümümi gigiyenik qaydalara riayət etməkdir. Yoluxmuş xəstələrə qulluq edən şəxslər əllərini tez tez yuyaraq qorunmağa çalışmalıdırlar. Həmçinin xəstənin qab, stəkan və ya qaşıq kimi əşyaları da ayrılmalı və başqalarının istifadə etməsinə imkan verilməməlidir.

Mütəxəssis pediatr Dr. Nərmin Əzizova

 

13 Sentyabr 2019
Arterial təzyiqi ölçməyi təkcə tibb işçiləri deyil, hər kəs bilməlidir. Günümüzdə bunu bilənlər çoxdur. Amma…
13 Sentyabr 2019
Havaların soyuması, fəsil dəyişməsi virus infeksiyalarının daha çox yayılmasına səbəb olur. Bundan ən çox əziyyət…
13 Sentyabr 2019
Havaların soyuması, payız-qış mövsümünün başlanması ilə bağlı uşaqlarda ən çox rast gəlinən problem boğaz, burunda…