10 Sentyabr 2019

Məktəbli çantasının ağırlığı nə qədər olmalıdır? – Həkimdən ÇAĞIRIŞ

Uşaqların 30-50 faizində bel ağrısı problemlərinə rast gəlinir. Bunun ən əsas səbəblərindən biri ağır məktəbli çantalarıdır.

e-tibb.az-ın xəbərinə görə, Türkiyədən olan fizioterapiya və tibbi bərpa uzmanı, professor Ayşe Nur Bardak Anadolu Agentliyinə müsahibəsində deyib ki, ağır məktəbli çantası daşımaq boyun, çiyin, kürək ağrılarına səbəb olur. Uzun zaman ağır çanta daşımaq inkişaf dövründə olan uşaqların, yeniyetmələrin qamətində pozğunluqlar və ağrı yaradır.

Professor vurğulayıb ki, məktəbli çantası və onun içində olan əşyaların ümumi ağırlığı uşağın ümumi çəkisinin 10 faizini keçməməlidir.

Bundan ağır olan çantaların götürülməsi onurğanın kürəkdən yüklənməsinə, boyun, çiyinin önə əyilməsinə, qamət pozuntularına, ağciyərlərin həcmində azalmaya səbəb olur. Nəticədə uşaqlarda ağrı ilə yanaşı oksigenlə təminat azalır və halsızlıq ortaya çıxır.

Həkim deyib ki, çanta seçərkən yüngül olmasına, zərifliyinə, üzərində, içərisində ona ağırlıq verən əlavə vasitələrin olmamasına diqqət olunmalıdır.

Mütəxəssis qeyd edib ki, ən yaxşı variant təkərli çantaların istifadəsidir.

Eyni zamanda çantanı kürəyə bağlayan bağları dar yox, geniş, yumşaq olmalıdır. Dar bağlar kürəkdə olan sinirləri, əzələ bağlarını sıxır və ən azı keyiməyə səbəb olur.

Professor, valideynləri, müəllimləri, məktəb rəhbərlərini çantaların çəkisinə daim diqqət etməyə çağırıb. Bununla yanaşı vurğulayıb ki, uzun zaman ayaq üstə duranda çantanı kürəkdən açmaq lazımdır. Çantanın tək çiyində daşınması da ən böyük səhvlərdən biridir, çünki yükün bir çiyində daşınması, ciddi onurğa problemləri yaradır.

O, bunlarla yanaşı, uşaqlarda çiyin, bel ağrıları yarandığı hallarda mütləq həkimə müraciət olunmasını tövsiyə edib.

e-tibb.az

10 Sentyabr 2019
Lazımsız və düzgün olmayan qidalanma alışqanlıqları, ən çox məktəb yaşına çatan uşaqlarla bağlı ortaya çıxır.…