Yüksəkixtisaslı həkimlər əhalinin müayinəsi üçün regionlara ezam olunublar
Səhiyyə nazirinin müavini Nigar Əliyevanın “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi üçün mütəxəssislərin ezamiyyəti haqqında” əmrinə əsasən, bölgələrdə əhalinin tibbi müayinələrdən keçirilməsini təmin etmək məqsədi ilə yüksəkixtisaslı mütəxəssislər regionlara ezam olunublar.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dördüncü ildir keçirilən əhali arasında aparılan tibbi- profilaktik müayinələr patoloji halların, müxtəlif xəstəliklərin risk faktorlarının erkən aşkarlanması məqsədi daşıyır.
Ezam edilənlər arasına akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin, akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin, Respublika Perinatal Mərkəzinin, Kliniki Tibbi Mərkəzin, Respublika Endokrinoloji Mərkəzin, akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun, doğum evlərinin, qadın məsləhətxanalarının və digər tibb müəssisələrinin mütəxəssisləri daxil ediliblər. Yüksəkixtisaslı həkim briqadaları artıq regionlarda əhaliyə xidmət etməyə başlayıb.
Şəhər və rayonlarının səhiyyə idarə və müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinələrdən keçirilməsinin icrasını şəxsi nəzarətə götürmək tapşırılıb.
Xəstəliklər aşkar olunduğu təqdirdə pasiyentlər yerlərdə, zərurət yarandığı hallarda isə paytaxtda və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicələrə cəlb olunacaqlar.
Nazirlikdən onu da qeyd ediblər ki, ötən ilin yekunlarına görə ölkəmizdə tibbi müayinədən keçirilənlərin 2,41 milyon nəfəri əlavə müayinələrə cəlb edilib, 68,4 min nəfəri dispanser nəzarətinə alınıb, 27 min nəfərdən çoxu hospitalizasiya olunub.