Xankəndi şəhəri beynəlxalq ana südü ilə qidalanma konfransına ev sahibliyi edəcəkdir
Pediatriya.az xəbər verir ki, 7–8 avqust 2026-cı il tarixlərində Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsi münasibətilə ilk dəfə olaraq Xankəndi şəhərində “Ana südü ilə qidalandırma: Müasir klinik yanaşmalar və son beynəlxalq yeniliklər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir. Konfransın əsas məqsədi ana südü ilə qidalanmanın təşviqi, bu sahədə ən son beynəlxalq elmi yeniliklərin paylaşılması və ana, uşaq, ailə, səhiyyə sistemi və cəmiyyət arasında davamlı dəstək mexanizmlərinin gücləndirilməsidir.
Tədbirdə pediatrlar, neonatoloqlar, mama-ginekoloqlar, ailə həkimləri, tibb bacıları, laktasiya məsləhətçiləri, dietoloqlar, ictimai səhiyyə mütəxəssisləri və digər səhiyyə işçilərinin iştirakı nəzərdə tutulur. Konfrans hibrid formatda – əyani və onlayn şəkildə təşkil olunacaqdır. Elmi proqram çərçivəsində Amerika Pediatriya Akademiyasının (AAP), Avropa Uşaq Qastroenterologiyası, Hepatologiyası və Qidalanması Cəmiyyətinin (ESPGHAN), Academy of Breastfeeding Medicine (ABM) və Ümumdünya Səhiyyə Təşkilatının (WHO) ən son tövsiyələri müzakirə ediləcəkdir.

Bununla yanaşı, insan südü oliqosaxaridləri (HMOs), mikrobiota, immunitet, erkən qidalanmanın uzunmüddətli sağlamlığa təsiri, ana südü ilə qidalanmada klinik problemlər və onların müasir həlli yolları üzrə elmi məruzələr təqdim olunacaq. Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibb Təhsili (DTT) balları ilə akkreditasiya olunacaq. Yenidən doğulan Qarabağın ürəyi olan Xankəndidə keçiriləcək bu beynəlxalq tədbirin ana və uşaq sağlamlığı sahəsində çalışan mütəxəssislər arasında elmi əməkdaşlığın genişlənməsinə, təcrübə mübadiləsinə və ana südü ilə qidalanmanın daha da təşviqinə mühüm töhfə verəcəyi gözlənilir.
Pediatriya.az