11 İyun 2020

Virusa qarşı dərmanlar hamiləyə və körpəyə necə təsir edir?

Hamilələlər xəstəlikdən qorunmaq, panikadan uzaq olmaq üçün nə etməlidirlər?

Dünyada milyonlarla insanı yoluxduran yeni növ koronavirus infeksiyası COVİD-19 hamilələrə öz mənfi təsirini göstərməkdədir. Hamiləlik dövrü qadınlar üçün çox həssas və stresli bir dövrdür, belə ki, analar özləri və körpələrinin yoluxmasından çox narahatdır. Bu müddətdə hamilələlər aylıq tibbi müayinələrinə davam etməli, gigiyenik və təmizlik qaydalarına yüksək səviyyədə riayət etməli, stress və narahatlıqlardan uzaq olmalıdırlar.

e-tibb.az xəbər verir ki, mama-ginekoloq, Mərkəzi Gömrük Hospitalının həkimi, tibb üzrə fəslsəfə doktoru Təranə Bayramova bildirib. COVİD-19 infeksiyasının hamiləliyə təsiri barədə danışan mama-ginekoloq bildirib ki, yeni tip koronavirus infeksiyası – COVİD-19 əsasən hərarətin olması, öskürək və təngnəfəslik kimi simptomlarla özünü göstərir. Dünyada virusa qarşı hər hansı bir vasitə, peyvənd icad olunmadığı üçün insan həyatını təhlükə altına alan Covid-19-dan qorunmaq çox vacibdir. Ümumilikdə bu xəstəliyə yoluxan insanların 80 faizi xəstəliyi simptomlar olmadan keçirir, bu isə güclü immun sistemi ilə izah olunur.

Onun sözlərinə görə, xəstəlikdən qorunmaq və yoluxmamaq üçün kontakt səthlər azaldılmalı, maskaların taxılması və düzgün istifadəsi, əllərin təmiz yuyulması və dezinfeksiya olunması və sosial məsafənin saxlanılması kimi tədbirlərə əməl olunmalıdır: “Müşahidələr və təcrübə göstərmişdir ki, hamiləlik zamanı COVİD-19-la yoluxma hallarına daha az rast gəlinir. Pandemiya prosesi ümumilikdə həddən artıq həssaslıq və stress yaratmaqla hamilə qadınlara psixoloji olaraq mənfi təsir göstərməkdədir.

Bu səbəbdən hamilə qadınlarda yuxu saatları düzgün təyin olunmalı, qidalanmaya diqqət edilməli və fiziki hərəkət məhdudlaşdırılmamalıdır. Stress və hədsiz həssaslıq immun sistemini sarsıdan amillərdəndir”.

Mütəxəssis qeyd edib ki, xüsusilə hamilə qadınlar xəstəlikdən özlərini daha çox qorumalı, panikadan uzaq olmalıdır. Hamiləlik dövründə qadınlarda ağciyər tutumunun azalması və ürəyin iş yükünün artması ilə əlaqədar fizioloji dəyişiklik baş verir: “Buna görə də hamilə qadınlarda respirator infeksion xəstəliklər daha ağır seyr edə bilər. Lakin yoluxmuş hamilə qadının hər hansı bir xroniki xəstəliyi olmadıqda COVID-19 infeksiyasının təzahürü və gedişatı yaş qrupu ilə müqayisədə o qədər də ağır keçmir”.

T. Bayramova onu da bildirib ki, xəstəliyin müalicəsində istifadə olunan dərmanlar C kateqoriyasına aiddir, dölə və körpəyə təsir etmir, həmçinin xəstəxanalarda COVİD-19 müalicəsi üçün istifadə edilən dərmanlar hamilə qadınlarda malyariya və revmatoloji xəstəliklərin müalicəsində istifadə olunmaqdadır.

Onun sözlərinə görə, yoluxmuş hamilə qadınlarla aparılan tədqiqat işləri nəticələrinə əsasən məlum olub ki, COVID-19 olan hamilə qadınların müalicə nəticələri, hamilə olmayanlara uyğundur: “Hamilələrin 60%-ində dölün bərndaxili hipoksiyası səbəbiylə vaxtından əvvəl doğum gerçəkləşmişdir, tədqiqat qrupuna daxil olan ana və körpələrdə ölüm halları qeyd olunmamış, yenidoğulmuşlarda isə virus aşkarlanmamışdır. Nəticə etibarilə əsas risk faktoru hamiləlik deyil, digər yanaşı xəstəliklər hesab olunmaqdadır”.

Ginekoloq həmçinin bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə əlaqəli doğuşların cərrahi yolla sonlandırılmasına dair heç bir təklif verilməyib: “Hər hansı bir tibbi göstəriş olmadığı təqdirdə, tənəffüs fiziologiyasına daha az təsir göstərməsi, ana və yenidoğulmuşların sağlamlığına müsbət təsir etməsi və xəstəxanada qalma müddətinin qısa olmasına görə normal doğuşa üstünlük verilməsi vacib hesab olunmaqdadır. Zahılıq dövründə südvermə əks göstəriş hesab olunmur. Yenidoğulmuşların ana südü qidalandırılması immun sisteminin möhkəmlənməsinə səbəb olan əsas amillərdəndir”.

05 Avqust 2020
Peyvəndlər nə üçün lazımdır? Peyvəndlər immun sistemimizi qıcıqlandırararaq yoluxucu xəstəliklərə qarşı qorunma rolunu oynayan bioloji…
04 Avqust 2020
Uşaqlarımızda 12 yaşından etibarən mücərrəd fikir formalaşmağa başlayır. Yəni 12 yaşından əvvəl uşaqlar bir çox…
24 İyul 2020
Uşaqlarda səpgilər nəyin əlamətidir? Uşaqlarda ən çox narahatlıq yaradan hallardan biri də dəridə səpgilərin əmələ…