Vərəm mikobakteriya ştamlarının molekulyar genetik spesifikliyi tədqiq olunaraq epidemioloji xəritə tərtib ediləcək

Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun “Azərbaycan Respublikasında ağciyər vərəmi olan xəstələrdə vərəm mikobakteriyası ştamlarının molekulyar-genetik mutasiyalarının tədqiqi” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun kompleks elmi-tədqiqat proqramları üzrə qrant müsabiqəsinin qaliblərinin siyahısına daxil edilib. Layihə çərçivəsində aparılacaq tədqiqatın məqsədi ölkəmizin müxtəlif regionlarında ağciyər vərəmi olan xəstələrdə rast gəlinən vərəm mikobakteriya ştamlarının molekulyar-genetik spesifikliyinin tədqiqidir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a xəbər verirlər ki, keçən ilin aprelindən başlanılan elmi işlərdə Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun əməkdaşları iştirak edirlər. Layihənin əsas məqsədləri sırasına ölkəmizdə rast gəlinən vərəm ştamlarının molekulyar–genetik tədqiqi, vərəm mikobakteriyalarının genetik mutasiya xüsusiyyətləri və yayılma intensivliyi, həmçinin dərmanlara davamlılıq spektri göstərilməklə ilk epidemioloji xəritənin tərtibi, vərəm infeksiyasının dərmanlara davamlı formalarının erkən aşkarlanması və vərəmin diaqnostik alqoritminin təkmilləşdirilməsi üçün tövsiyələrin hazırlanması daxildir.

Tədqiqatlar nəticəsində əldə olunan məlumatlar və laborator nümunələr ölkədə ilk dəfə olaraq vərəm mikobakteriyalarının dərmanlara davamlılığı və genotipik xüsusiyyətləri nəzərə alınaraq epidemioloji xəritənin tərtibi üçün istifadə olunacaq və ölkə ərazisində vərəmə dair epidemioloji nəzarət tədbirlərinin səmərəliliyini artırmağa imkan verəcəkdir.

 

AZƏRTAC