Uşaqları zəhərləyən "ucuz" təhlükə — Azərbaycanda enerji içkiləri qadağan edilə bilər?

Baxış
27

Azərbaycanda son illər enerji içkilərinin istehlakında artım müşahidə olunur və bu tendensiyanın xüsusilə uşaqlar arasında geniş yayılması ciddi narahatlıq doğurur. Azərbaycan Ombudsman Aparatı bu məsələ ilə bağlı çıxış edərək, azyaşlıların sağlamlığının qorunması məqsədilə enerji içkilərinin satışına müəyyən məhdudiyyətlərin tətbiq olunmasını təklif edib. Qurum hesab edir ki, bu məhsulların nəzarətsiz istifadəsi uşaqların fiziki və psixoloji inkişafına mənfi təsir göstərə bilər.

Pediatr Qoşqar İsmayılov Demokrat.az-a açıqlamasında deyib ki, bu cür məhsullara marağın artmasının əsas səbəbləri arasında reklamın güclü təsiri, ətraf mühitin formalaşdırdığı vərdişlər və qiymətinin nisbətən ucuz, yəni əlçatan olması dayanır:

“Xüsusilə yeniyetmələr və uşaqlar bu amillərin təsiri altına daha tez düşürlər. Lakin məsələ yalnız əlçatanlıqla bitmir. Keyfiyyət baxımından və orqanizmə təsiri nöqteyi-nəzərindən bu məhsullar kifayət qədər risklidir. Xüsusən də 18 yaşdan aşağı yeniyetmələr və 12 yaşdan kiçik uşaqlar üçün bu təsirlər daha təhlükəli və uzunmüddətli fəsadlara səbəb ola bilər. Bu problemin qarşısını almaq üçün kompleks yanaşmaya ehtiyac var. İlk növbədə geniş maarifləndirmə işi aparılmalıdır. Məktəblərdə, mediada və sosial platformalarda bu mövzu ilə bağlı məlumatlandırıcı çıxışlar təşkil olunmalı, risklər açıq şəkildə izah edilməlidir. 18 yaşdan aşağı şəxslərə satışın qadağan olunması qanunvericilik səviyyəsində tənzimlənməli və bu qaydalara ciddi nəzarət edilməlidir. Digər mühüm məqam isə mütəxəssislərin xüsusilə həkimlərin bu istiqamətdə fəal iştirakıdır. Onların çıxışları, ictimai müraciətləri və real tibbi faktlara əsaslanan izahları cəmiyyətə daha təsirli mesaj verir. Yalnız bu şəkildə həm valideynlər, həm də gənclər risklərin fərqinə vararaq daha düzgün seçim edə bilərlər”.

Leyla Turan
Demokrat.az

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin