Pediatriya.az sorğusu: uşaqlarda ekran istifadəsi ilə bağlı valideynlərin yanaşması
Pediatriya.az tərəfindən keçirilən sorğu uşaqların gündəlik ekran (telefon, planşet, televizor) istifadəsi ilə bağlı valideynlərin real mövqeyini ortaya qoymuşdur.
Nəticələrə əsasən valideynlərin 30 faizi uşaqlarının ümumiyyətlə ekran istifadə etmədiyini bildirir. İştirakçıların 24 faizi gündə 1–3 saat arası ekran vaxtı olduğunu qeyd edir. 19 faiz valideyn uşaqlarında gündə 1 saata qədər ekran istifadəsi olduğunu deyir. Digər 17 faiz isə gündə 3 saatdan çox ekran qarşısında vaxt keçirdiyini bildirir. 9 faiz valideyn isə ekran istifadəsinə məhdudiyyət qoymadığını və bunun zərərli olmadığını düşündüyünü qeyd edir.
Mütəxəssislər vurğulayır ki, uşaqları ekranlardan tamamilə uzaqlaşdırmaq real həyatda həm çətin, həm də hər zaman düzgün yanaşma deyil. Əsas diqqət ekran vaxtının balanslı idarə olunmasına və uşağın izlədiyi məzmunun keyfiyyətinə yönəlməlidir.
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə 2 yaşdan kiçik uşaqlarda ekran istifadəsi məsləhət görülmür. 2–5 yaş arası uşaqlarda isə gündə maksimum 1 saat, nəzarətli və keyfiyyətli məzmun tövsiyə edilir.
Uzunmüddətli və nəzarətsiz ekran istifadəsi uşaqlarda yuxu pozuntuları, diqqət dağınıqlığı, nitq inkişafında ləngimə və fiziki aktivliyin azalması ilə əlaqələndirilir. Eyni zamanda düzgün seçilmiş maarifləndirici məzmun və valideyn nəzarəti ilə ekran istifadəsi müəyyən hallarda faydalı ola bilər.
Pediatriya.az tövsiyə edir ki, valideynlər ekran vaxtını yaşa uyğun şəkildə məhdudlaşdırsın, uşaqların gündəlik rejimində açıq hava fəaliyyəti və canlı ünsiyyətə daha çox yer versinlər. Əsas məqsəd ekranı tam qadağan etmək deyil, onu balanslı və nəzarətli şəkildə idarə etməkdir.