Uşaqlara peyvənd vurmadan öncə həkim müayinəsi vacibdir- Pediatrdan TÖVSİYƏLƏR
İnfluenza virusu uşaqlar üçün koronavirusdan da təhlükəlidir.
e-tibb.az xəbər verir ki, bunu uzman pediatr-neonatoloq, Mərkəzi Gömrük Hospitalının həkimi Telman Aytayev bildirib. Onun sözlərinə görə, influenzanın çox ağır fəsadları olur. Qrip influenza A və B viruslarının törətdiyi bir xəstəlikdir. Qripə tutulan insanda yüksək hərarət, sümük, əzələ ağrıları, kəskin baş ağrısı, öskürək, burun-boğaz tutulması kimi şikayətlər olur.
Mütəxəssisin indiki dövrdə uşaqların xəstəliklərdən qorunması barədə fikirlərini, tövsiyələrini təqdim edirik:
Havalar günü-gündən soyuyur. Məktəblərdə dərslərin başlanması və payız mövsümünün gəlişi ilə uşaqlar arasında xəstəliklər artır. Mövsümlə əlaqədar rast gəlinən xəstəliklər arasında ilk sırada kəskin respirator virus infeksiyaları durur. Yaz və payız aylarında bu xəstəliklərin intensivliyi artır. Bunun əsas səbəbi yaz və payız aylarında immunitetin zəifləməsi, digər səbəbi isə soyuğun təsirindən tənəffüs yollarının selikli qişasının zədələnməsi nəticəsində tənəffüs yolları xəstəliklərinin baş verməsidir.
Uşaqlar arasında ən çox yayılan infeksion xəstəlik influenza virusu ilə bağlıdır. Buna qarşı influenza peyvəndi var. 6 aydan sonra bütün uşaqlara bu peyvənd vurulmalıdır. Dünya üzrə statistika göstərir ki, bu peyvəndlərin uşaqlara vurulması xəstəliyi 60-70% azaldır. İnfluenza virusu uşaqlar üçün koronavirusdan da təhlükəlidir. Belə ki, influenzanın çox ağır fəsadları olur. Qrip influenza A və B viruslarının törətdiyi bir xəstəlikdir. Qripə tutulan insanda yüksək hərarət, sümük, əzələ ağrıları, kəskin baş ağrısı, öskürək, burun-boğaz tutulması kimi şikayətlər olur.
Bütün kəskin respirator virus infeksiyaları üçün xəstəliyin ilkin əlamətləri demək olar ki, eynidir: hərarətin tədricən qalxması, baş ağrısı, asqırma, öskürmə, iştahanın azalması, yuxunun pozulması, boğazda ağrı, göz almasında olan ağrılar və s.-dir. Viruslarla yoluxma asqırma, öskürmə zamanı milyonlarla virusun ətrafa yayılması zamanı baş verir. Bu zaman digər xəstəliklər olan anginalar, uşaq serebral iflici, vərəm, böyrək xəstəlikləri və s. xəstəliklərin kəskinləşməsi baş verə bilir. Uşaqlarda anginanın əmələ gəlməsinin bir səbəbi də kəskin respirator xəstəliklərlə tez-tez xəstələnmələridir.
Uşaqlarımızı bu respirator xəstəliklərdən qorumaq üçün peyvəndlər vaxtında vurulmalıdır. Uşaqlar peyvənd olunmadıqda infeksion xəstəliklərin mikrobları ilə qarşılaşır və orqanizmdə mübarizə apara biləcək immunitet olmur. Bu zaman onlar ən yüngül xəstəliyi belə çox ağır və ağrılı keçirirlər. Körpələrin infeksiyalara qarşı ən böyük müdafiəçisi ana südü və peyvəndlərdir.
Orqanizmə yeridilən peyvənd sayəsində orqanizm həmin infeksiyanı tanıyır və ona qarşı immunitet yaranır. Peyvənd olunmuş uşaq ya o xəstəliyə tutulmur, ya da xəstəliyi yüngül formada keçirir. Unutmayaq ki, qrip vaksini edilməsi körpənizin qripə yoluxması riskini tamamilə azaldır.
Peyvənd vurmadan öncə pediatr müayinəsi olduqca vacibdir. Peyvənd zamanı mütləq uşağın tam sağlam olmasına və peyvəndə heç bir əks göstərişin olmamasına diqqət etmək vacibdir. Məsləhətim budur ki, qabaqlayıcı və müdafiə xarakteri daşıyan bu mühüm tibbi tədbiri təxirə salmamaq övladlarımızın sağlam gələcəyi üçün olduqca vacibdir.