Uşağı it dişləyibsə, nə etməli? Valideynlərin bilməli olduğu vacib məqamlar — Pediatriya.az

Baxış
852

Həkim Nərmin Əzizova — K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsinin həkim-neonatoloqu; Azərbaycan Tibb Universitetinin I uşaq xəstəlikləri kafedrasının assistenti; Pediatriya.az portalının təsisçisi

Uaşqlar üçün A vitamini barədə: Həkim-mütəxəssis Nərmin Əzizova

İt dişləməsi uşaqlarda rast gəlinən və bəzən ciddi sağlamlıq problemlərinə səbəb ola bilən travmalardan biridir. Xüsusilə azyaşlı uşaqların boyunun nisbətən kiçik olması və heyvanlarla davranış qaydalarını tam bilməməsi üz, baş və boyun nahiyələrinin zədələnməsi riskini artırır.

İt dişləməsi zamanı yaranan təhlükə yalnız dərinin zədələnməsi ilə məhdudlaşmır. Bakterial infeksiyalar, tetanus, quduzluq və dərin toxuma zədələnmələri də mümkündür.

Fikrimizcə, bu mövzuda valideynlərin məlumatlandırılması xüsusi əhəmiyyət daşıyır. Çünki vaxtında və düzgün göstərilən ilkin yardım, eləcə də tibbi müdaxilə ciddi ağırlaşmaların qarşısını ala bilər.

İt dişləməsi: Azərbaycanda və dünyada statistika

İt dişləmələri bütün dünyada mühüm ictimai sağlamlıq problemlərindən biri hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, it dişləmələri hər il dünyada on milyonlarla xəsarətə səbəb olur. Bununla belə, bütün dünya üzrə it dişləmələrinin dəqiq illik sayı müəyyən edilməyib.

ÜST-nin məlumatına görə, heyvan dişləməsi qurbanlarının yarıdan çoxunu uşaqlar təşkil edir. Uşaqlarda xüsusilə baş və boyun nahiyələrinin zədələnməsi riski daha yüksəkdir.

Quduzluqla bağlı ÜST-nin məlumatları da problemin ciddiliyini göstərir:

  • İnsanlarda qeydə alınan quduzluq hallarının 99%-ə qədərində virusun ötürülməsinə itlər səbəb olur.
  • Quduzluq nəticəsində hər il dünyada təxminən 59 min insan həyatını itirir.
  • Quduzluq səbəbindən baş verən ölümlərin təxminən 40%-i 15 yaşdan kiçik uşaqların payına düşür.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST). Animal bites. 12 yanvar 2024.
https://www.who.int/news-room/fact-sheets/detail/animal-bites

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST). Rabies. 17 sentyabr 2026.
https://www.who.int/news-room/fact-sheets/detail/rabies

Azərbaycanda vəziyyət

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2025-ci ildə ölkədə heyvanların dişləməsi və cırmaqlaması nəticəsində 48 446 nəfər zərər çəkib. Onlardan 32 194 nəfəri it hücumları ilə əlaqədar olub. Həmin il ölkədə insanlar arasında bir quduzluq hadisəsi qeydə alınıb.

Bu rəqəmlər problemin ölkəmiz üçün də aktual olduğunu göstərir. Fikrimizcə, xüsusilə uşaqların heyvanlarla təhlükəsiz davranış qaydaları barədə maarifləndirilməsi və valideyn nəzarətinin gücləndirilməsi vacibdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatı. Keçən il Azərbaycanda 50 minə yaxın şəxsi heyvan dişləyib. Report.az, 14 yanvar 2026.
https://report.az/sehiyye-xeberler/kecen-il-azerbaycanda-50-mine-yaxin-sexsi-heyvan-disleyib

İt dişlədikdən sonra ilk olaraq nə etməli?

İlk dəqiqələrdə düzgün müdaxilə infeksiya və digər ağırlaşmaların qarşısının alınmasında mühüm rol oynayır.

  1. Uşağı təhlükəsiz yerə aparın.

İlk növbədə uşağı heyvandan uzaqlaşdırın və təkrar hücum ehtimalını aradan qaldırın. Uşağı sakitləşdirməyə çalışın.

  1. Yaranı ən azı 15 dəqiqə yuyun.

Dişlənmiş nahiyəni dərhal bol axar su və sabunla ən azı 15 dəqiqə ərzində yaxşıca yuyun. Bu, yaraya daxil olmuş mikroorqanizmlərin, o cümlədən quduzluq virusunun miqdarını azaltmağa kömək edir.

  1. Qanaxmanı dayandırın.

Qanaxma varsa, təmiz bez və ya steril tənziflə yara üzərinə birbaşa təzyiq tətbiq edin. Güclü və dayanmayan qanaxma təcili tibbi yardım tələb edir.

  1. Yaranı qoruyun.

Yuyulduqdan sonra, mövcuddursa, povidon-yod kimi uyğun antiseptik tətbiq edilə bilər. Yaranı təmiz, steril sarğı ilə örtün. Yaranı ev şəraitində yapışdırıcı və ya tikişlə bağlamağa çalışmayın.

  1. Tibb müəssisəsinə müraciət edin.

Yara səthi görünsə belə, həmin gün, mümkün qədər dərhal tibbi qiymətləndirmə aparılmalıdır.

Qeyd etmək istərdik ki, yaranın kiçik görünməsi onun təhlükəsiz olması demək deyil. Xüsusilə uşaqlarda dişləmədən sonra quduzluq və tetanus riskinin qiymətləndirilməsi gecikdirilməməlidir.

İt dişləməsi nə üçün təhlükəlidir?

İt dişləməsindən sonra bir neçə mühüm ağırlaşma inkişaf edə bilər.

  1. Bakterial infeksiyalar

İtlərin ağız boşluğunda müxtəlif bakteriyalar mövcuddur. Dişləmə zamanı bu mikroorqanizmlər dərinin və daha dərin toxumaların daxilinə keçə bilər.

Ən çox rast gəlinən törədicilərə Pasteurella, Streptococcus, Staphylococcus və Capnocytophaga növləri, həmçinin anaerob bakteriyalar daxildir.

İnfeksiya əlamətləri bunlardır:

  • Yara ətrafında artan qızartı və şişkinlik;
  • Ağrının güclənməsi;
  • Dərinin yerli temperaturunun artması;
  • İrinli ifrazat;
  • Qızdırma və ümumi vəziyyətin pisləşməsi.

Bəzi infeksiyalar ilk 24 saat ərzində inkişaf edə bilər. Ağır hallarda abses, sümük infeksiyası və ya oynaq infeksiyası yarana bilər.

  1. Quduzluq

Quduzluq sinir sistemini zədələyən, klinik əlamətlər meydana çıxdıqdan sonra demək olar ki, həmişə ölümlə nəticələnən virus infeksiyasıdır.

Virus əsasən yoluxmuş heyvanın ağız suyu vasitəsilə, dişləmə nəticəsində zədələnmiş dəriyə daxil olur. Ağız suyunun açıq yara və ya selikli qişalarla təması da yoluxma riski yarada bilər.

Quduzluğun inkubasiya dövrü adətən 2–3 ay davam edə bilər. Lakin bu müddət dəyişkəndir.

Quduzluq əlamətlərinin yaranmasını gözləmək olmaz. Riskli təmasdan sonra vaxtında aparılan profilaktika xəstəliyin qarşısını ala bilər.

İt dişlədikdən sonra quduzluq peyvəndi mütləqdirmi?

Hər it dişləməsindən sonra quduzluq peyvəndinin tətbiqi avtomatik qərar deyil. Bu qərar təmasın xüsusiyyətləri, heyvanın vəziyyəti və yerli epidemioloji risk nəzərə alınaraq həkim tərəfindən verilir.

Qiymətləndirmə zamanı aşağıdakılar nəzərə alınır:

  • Heyvanın sahibli və ya sahibsiz olması;
  • Quduzluğa qarşı peyvənd statusu;
  • Heyvanın sağlamlıq vəziyyəti və davranışı;
  • Heyvanın müşahidə altında saxlanılmasının mümkünlüyü;
  • Dərinin zədələnmə dərəcəsi və ağız suyu ilə təmas.

ÜST-nin təsnifatına əsasən, quduzluq riski olan heyvanla təmas üç kateqoriyaya bölünür.

I kateqoriya: Sağlam dəriyə toxunma və ya heyvanı sığallama. Dəri bütövdürsə, quduzluq profilaktikası tələb olunmur.

II kateqoriya: Qanaxma olmadan dərinin səthi cızılması və ya yüngül dişləmə. Quduzluq riski olan təmaslarda peyvənd tələb olunur.

III kateqoriya: Dərini keçən dişləmə və ya cırmaqlama, ağız suyunun zədələnmiş dəriyə və ya selikli qişalara təması. Əvvəllər quduzluğa qarşı peyvənd olunmamış şəxslərdə adətən həm peyvənd, həm də quduzluq immunoqlobulini tələb olunur.

Peyvəndin doza sayı və tətbiq sxemi ölkənin qüvvədə olan protokoluna, istifadə olunan vaksin növünə və uşağın əvvəlki peyvənd statusuna əsasən müəyyən edilir.

İt dişləməsindən sonra quduzluğa qarşı peyvənd nə vaxt vurulur?

Quduzluğa yoluxma riski müəyyən edildikdə uşağa quduzluğa qarşı peyvənd (antirabik vaksin) tətbiq edilir.

Əvvəllər quduzluğa qarşı peyvənd olunmamış, immun sistemi normal olan şəxslərdə istifadə edilən əzələdaxili peyvənd sxemlərindən biri belədir:

  • 0-cı gün – birinci doza;
  • 3-cü gün – ikinci doza;
  • 7-ci gün – üçüncü doza;
  • 14-cü gün – dördüncü doza.

İmmunçatışmazlığı olan şəxslərdə bəzi protokollara əsasən əlavə olaraq 28-ci gün beşinci doza tətbiq edilir.

Burada 0-cı gün ilk peyvəndin vurulduğu gündür.

Vacibdir: Bu sxem bütün ölkələr və vaksinlər üçün universal deyil. ÜST-nin tövsiyələrində dəridaxili tətbiq sxemləri də mövcuddur. Konkret peyvənd rejimi həkim tərəfindən müəyyən edilməlidir.

Quduzluq immunoqlobulini nə üçün istifadə olunur?

Quduzluq immunoqlobulini orqanizmi dərhal hazır anticisimlərlə təmin edir. O, peyvəndin yaratdığı aktiv immun cavab formalaşana qədər qorunmaya kömək edir.

Göstəriş olduqda immunoqlobulinin mümkün qədər çox hissəsi anatomik baxımdan təhlükəsiz şəkildə yaranın daxilinə və ətrafına yeridilir.

Vacibdir: Quduzluq immunoqlobulini hər dişləmə zamanı və hər uşağa tətbiq edilmir. Göstəriş təmas kateqoriyasından və əvvəlki peyvənd statusundan asılıdır.

İt peyvəndlidirsə, yenə də həkimə müraciət etmək lazımdırmı?

Bəli.

Heyvanın quduzluğa qarşı peyvənd olunması yoluxma ehtimalını azaldır. Lakin yalnız sahibinin verdiyi məlumata əsasən riskin tamamilə olmadığı qənaətinə gəlmək düzgün deyil.

Sağlam və müşahidə oluna bilən itlər üçün 10 günlük baytarlıq müşahidəsi tətbiq edilə bilər. Bu müddətdə heyvanın sağlam qalması dişləmə anında quduzluq virusunu ağız suyu ilə yaymadığını göstərir.

Lakin müşahidənin mümkün olub-olmaması və profilaktikanın başlanması və ya davam etdirilməsi barədə qərarı səhiyyə mütəxəssisi verməlidir.

Tetanus peyvəndi lazımdırmı?

İt dişləməsi zamanı tetanus riski də qiymətləndirilməlidir.

Tetanus Clostridium tetani bakteriyasının sporlarının yara vasitəsilə orqanizmə daxil olması nəticəsində inkişaf edə bilər.

Heyvan dişləmələri ağız suyu ilə çirklənmiş yaralar olduğundan tetanus baxımından yüksək riskli yaralar qrupuna daxildir.

Həkim uşağın peyvənd tarixçəsini qiymətləndirir:

  • İlkin tetanus peyvəndləri tamdırsa və son doza 5 ildən az əvvəl vurulubsa, adətən əlavə doza tələb olunmur.
  • İlkin peyvənd kursu tamdırsa, lakin son dozadan 5 il və ya daha çox keçibsə, əlavə doza tələb oluna bilər.
  • Peyvənd tarixçəsi məlum deyilsə və ya ilkin kurs tamamlanmayıbsa, yaşa uyğun peyvənd və müəyyən hallarda tetanus immunoqlobulini lazım ola bilər.

Quduzluq və tetanus peyvəndləri fərqli infeksiyalardan qoruyur və bir-birini əvəz etmir.

İt dişləməsindən sonra antibiotik mütləqdirmi?

Xeyr. Hər it dişləməsində antibiotik istifadəsi tələb olunmur.

Lakin müəyyən hallarda bakterial infeksiya riski yüksək olduğundan profilaktik antibiotik təyin edilə bilər.

Xüsusilə aşağıdakı hallarda antibiotik profilaktikası nəzərdən keçirilir:

  • Əl və üz nahiyəsində dişləmələr;
  • Dərin və deşici yaralar;
  • Əzilmə və geniş toxuma zədələnməsi;
  • Sümük, oynaq və vətərlərə yaxın yaralar;
  • İmmuniteti zəif olan uşaqlar.

Uşaqlarda uyğun hallarda ilk seçim preparatlardan biri amoksisillin/klavulanatdır. Profilaktik müalicə çox vaxt 3–5 gün davam edir. Artıq infeksiya inkişaf edibsə, müalicə müddəti və yanaşma fərqli olur.

Antibiotik yalnız həkim tərəfindən təyin edilməlidir. Antibiotik istifadəsi quduzluq və tetanus profilaktikasını əvəz etmir.

Hansı hallarda təcili tibbi yardım tələb olunur?

Aşağıdakı vəziyyətlər xüsusi diqqət tələb edir:

  • Güclü və dayanmayan qanaxma;
  • Baş, üz, boyun və göz ətrafında dişləmə;
  • Dərin, geniş və ya çoxsaylı yaralar;
  • Ətraflarda hərəkət məhdudluğu, keyimə və hissiyyat itkisi;
  • Sümük və ya oynaq zədələnməsinə şübhə;
  • Uşağın ümumi vəziyyətinin pisləşməsi.

Belə hallarda dərhal təcili tibbi yardım alınmalıdır.

Uşaqları it dişləməsindən necə qoruya bilərik?

İt dişləmələrinin qarşısının alınmasında valideyn nəzarəti və uşaqların təhlükəsiz davranış qaydalarını öyrənməsi mühüm rol oynayır.

Uşaqlara izah edilməlidir ki:

  • Tanımadıqları itlərə yaxınlaşmasınlar.
  • İtlər yemək yeyərkən, yatarkən və ya balalarına qulluq edərkən onları narahat etməsinlər.
  • Heyvanın qulağını, quyruğunu çəkməsinlər.
  • İt hürərkən və ya aqressiv davranarkən ona yaxınlaşmasınlar.
  • İt yaxınlaşdıqda qışqırmaqdan və qaçmaqdan çəkinsinlər.

Azyaşlı uşaqlar, hətta ailəyə məxsus və sakit davranan itlərlə belə, böyüklərin nəzarəti olmadan tək buraxılmamalıdır.

Hesab edirik ki, it dişləmələrinin profilaktikasında yalnız hadisədən sonra tibbi yardımın təşkili deyil, həm də heyvanların peyvəndlənməsi, sahibsiz heyvanlarla bağlı nəzarət tədbirləri və ictimai maarifləndirmə mühüm əhəmiyyət daşıyır.

Valideynlərin ən çox verdiyi suallar

Yara çox kiçikdirsə, həkimə getmək lazımdırmı?

Bəli. Kiçik deşici yaralarda belə infeksiya və quduzluq riski qiymətləndirilməlidir.

İt dişlədikdən neçə saat sonra quduzluq peyvəndi vurulmalıdır?

Göstəriş varsa, profilaktikaya mümkün qədər tez başlanmalıdır. İlk 24 saatın keçməsi peyvənddən imtina etmək üçün səbəb deyil. Gec müraciət edən şəxslər də təcili qiymətləndirilməlidir.

İt dişləməyib, sadəcə cızıbsa, təhlükə varmı?

Bəli. Dəri zədələnibsə, cırmaqlama nəticəsində də quduzluq riski yarana bilər. Təmasın dərəcəsi həkim tərəfindən qiymətləndirilməlidir.

İt dişləməsindən sonra yaranı tikmək olarmı?

Bəzi yaralar, xüsusilə üz nahiyəsində olanlar, diqqətli təmizlənmə və tibbi qiymətləndirmədən sonra tikilə bilər. Lakin infeksiya riski yüksək olan yaralarda fərqli yanaşma tələb oluna bilər.

Nəticə

İt dişləməsi uşaqlarda yalnız yerli yara ilə məhdudlaşmayan, ciddi infeksion və travmatik ağırlaşmalar yarada bilən hadisədir.

Vaxtında və düzgün ilk yardım, quduzluq və tetanus riskinin qiymətləndirilməsi, ehtiyac olduqda peyvənd və digər profilaktik tədbirlərin aparılması uşağın sağlamlığının qorunmasında həlledici əhəmiyyət daşıyır.

Fikrimizcə, bu problemin həllində ən vacib istiqamətlərdən biri valideynlərin maarifləndirilməsi, uşaqlara heyvanlarla təhlükəsiz davranış qaydalarının öyrədilməsi və hər bir riskli təmasdan sonra tibbi yardıma vaxtında müraciət edilməsidir.

Unutmayın: İt dişləməsi zamanı yaranı dərhal ən azı 15 dəqiqə sabun və axar su ilə yuyun və vaxt itirmədən tibb müəssisəsinə müraciət edin.

Elmi mənbələr

  1. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST). Animal bites. 12 yanvar 2024.
    https://www.who.int/news-room/fact-sheets/detail/animal-bites
  2. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST). 17 sentyabr 2026.
    https://www.who.int/news-room/fact-sheets/detail/rabies
  3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatı. Keçən il Azərbaycanda 50 minə yaxın şəxsi heyvan dişləyib. Report.az, 14 yanvar 2026.
    https://report.az/sehiyye-xeberler/kecen-il-azerbaycanda-50-mine-yaxin-sexsi-heyvan-disleyib
  4. Centers for Disease Control and Prevention (CDC). Rabies Post-exposure Prophylaxis Guidance.
    https://www.cdc.gov/rabies/hcp/clinical-care/post-exposure-prophylaxis.html
  5. Centers for Disease Control and Prevention (CDC). Clinical Guidance for Wound Management to Prevent Tetanus.
    https://www.cdc.gov/tetanus/hcp/clinical-guidance/index.html
  6. National Institute for Health and Care Excellence (NICE). Human and Animal Bites: Antimicrobial Prescribing (NG184).
    https://www.nice.org.uk/guidance/ng184

Redaktə qeydi: Mətn müəllifin gündəlik klinik təcrübəsi, beynəlxalq tibbi mənbələr və Gemini AI texnologiyasının dil, dilçilik və struktur redaktəsi dəstəyi ilə hazırlanmışdır.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin