Özbəkistanlı həkimlər K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda iki həftəlik təcrübə mübadiləsində iştirak ediblər
K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) sosial şəbəkə hesablarında yayılan məlumata əsasən, institutda beynəlxalq əməkdaşlıq çərçivəsində Özbəkistandan gələn həkimlərin iştirakı ilə iki həftəlik təcrübə mübadiləsi proqramı həyata keçirilib.
Əməkdaşlıq müqaviləsinə əsasən, Özbəkistan Respublikası Səmərqənd Dövlət Tibb Universitetinin İxtisaslaşmış Uşaq Cərrahiyyəsi Klinikasının Anesteziologiya və Reanimasiya şöbəsinin müdiri Xudoyqulov Tursun Murodullo, həkim-anestezioloq-reanimatoloqlar Rəşidov Suxrob Abdumannoviç və Unabayev Jasur Oromoviç institutda təcrübə mübadiləsinə cəlb olunublar.
Təcrübə proqramı çərçivəsində həkimlər institutun bütün klinik şöbələrinin fəaliyyəti, tibbi xidmətin təşkili, müalicə və diaqnostika imkanları ilə tanış olublar. Həmçinin mürəkkəb klinik vəziyyəti və çətin diaqnostikası olan xəstələrin müalicə prinsipləri, diaqnostik yanaşmalar və müalicə prosesinin xüsusiyyətləri barədə institutun mütəxəssislərindən ətraflı məlumat alıblar.
Səfərin sonunda Səmərqənd Dövlət Tibb Universitetinin Uşaq Cərrahiyyəsi Klinikasının baş həkimi, Uşaq Cərrahiyyəsi kafedrasının müdiri professor Cəmşid Şəmsiyev tərəfindən institutun rəhbərliyinə xatirə hədiyyələri təqdim olunub. Görüş zamanı tibbi xidmətin təşkili və gələcək əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılıb.
Bununla yanaşı, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının müraciəti əsasında həkim-neonatoloq Elmira Şəmsəddin qızı Fərzəliyeva da institutda neonatologiya və reanimasiya sahəsi üzrə təcrübə kursuna cəlb olunub.
Qeyd edək ki, bu cür təcrübə mübadilələri tibb mütəxəssislərinin peşəkar bilik və bacarıqlarının artırılması, qabaqcıl klinik təcrübənin paylaşılması və tibb müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətlidir.
