Ümumdünya QİÇS Qurbanlarının Xatirəsi Günü qeyd edilib

Cari ilin yanvar-aprel aylarında Azərbaycanda İİV infeksiyalarına yoluxma ilə bağlı 193 yeni fakt aşkar edilib və qeydiyyata alınıb. Bu insanların 1888 nəfəri və ya 97,4 faizi Azərbaycan vətəndaşları, 5 nəfəri və ya 2,6 faizi əcnəbilərdir. Uçota götürülmüş Azərbaycan vətəndaşlarından 123-ü (66,4 faiz) kişi, 65-i (33,6 faiz) qadındır. Hesabat dövründə İİV yoluxmalı ölkə vətəndaşlarından 46 nəfərində xəstəlik QİÇS mərhələsinə keçib, 16 nəfər dünyasını dəyişib.

AZƏRTAC xəbər verir ki, bu rəqəmlər mayın 18-də Ümumdünya QİÇS Qurbanlarının Xatirəsi Günü münasibətilə Respublika QİÇS-lə Mübarizə Mərkəzində keçirilmiş mətbuat konfransında səslənib.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşkilati-metodik iş şöbəsinin müdiri Eldəniz Muradov tədbirdə çıxış edib. O vurğulayıb ki, 1983-cü ildən başlayaraq hər il may ayının üçüncü bazar günündə bütün dünyada QİÇS-dən dünyasını dəyişənlərin xatirəsi günü qeyd olunur. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan İİV yoluxmalarının aşağı səviyyədə olduğu ölkələr sırasına daxildir. Bu xəstəlik əsasən yüksək risk qrupuna aid olan narkomanlar arasında yayılıb. Belə ki, yoluxma faktlarının 42,2 faizi narkotiklərdən istifadə nəticəsində baş verir. Bundan əlavə, yoluxmaların 45,4 faizi heteroseksual əlaqələr, 2,6 faizi homoseksual əlaqələr yolu ilə baş verir, yoluxmaların 1,8 faizində infeksiya anadan övlada keçir. 1 nəfər donor qanının köçürülməsi nəticəsində yoluxub. Xəstələrin 7,9 faizində yoluxmanın səbəblərini müəyyən etmək mümkün olmayıb.

E.Muradov qeyd edib ki, 2018-ci ilin yanvar-aprel aylarında İİV-ə yoluxması təsdiq edilmiş şəxslərdən 23 nəfəri (13,2 faiz) parenteral yolla, 89 nəfər (47,3 faiz) heteroseksual yolla, 10 nəfər (5,3 faiz) homoseksual yolla yoluxub, 2 xəstəyə infeksiya anasından keçib, 64 xəstənin (34,1 faiz) yoluxma səbəblərini müəyyən etmək mümkün olmayıb.

Daha sonra qeyd edilib ki, ölkəmizdə QİÇS ilk dəfə 1987-ci ildə aşkar edilib və qeydə alınıb. O vaxtdan 2018-ci il aprelin sonuna qədər Azərbaycanda İİV infeksiyalı 5831 vətəndaş qeydiyyata alınıb. Uçota alınmış vətəndaşlardan 4138-i (71,0 faiz) kişilər, 1693-ü (29,0 faiz) qadınlardır. İİV infeksiyalı 2103 vətəndaşda xəstəlik QİÇS mərhələsinə keçib. 904 nəfər bu xəstəlikdən dünyasını dəyişib.

Bildirilib ki, əhali arasında vaxtaşırı maarifləndirmə işi aparılır, İİV/QİÇS problemləri üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq davam edir. Mərkəzin şöbə müdiri bildirib ki, hazırda 4427 İİV infeksiyası daşıyıcısı, o cümlədən 2018-ci ilin yanvar-aprel aylarında 220 bu cür şəxs antiretrovirus terapiyasına cəlb edilib.

Tədbirin sonunda jurnalistləri maraqlandıran suallara cavab verilib.

 

AZƏRTAC