Ümumdünya İlk Tibbi Yardım günüdür
Bu günün yaranması 1881-ci illə təsadüf edir. 1881-ci il dekabrın 8-də Vyana şəhərində teatrda baş verən güclü yanğın zamanı həlak olan və yaralananların sayı çox olduğundan tibbi yardım göstərilməsində problemlər yaranır. Beləcə ilk dəfə Vyana da müstəqil Təcili Tibbi Yardım xidmətinin yaradılması qərara alınır. Daha sonra Berlin və Londonda da Təcili Tibbi Yardım briqadaları müstəqil fəaliyyət göstərməyə başlayır. Azərbaycan da isə ilk təcili yardım xidməti Nobel qardaşlarına məxsus neft buruqlarında işləyən fəhlələrə tibbi yardım göstərmək üçün yaradılıb. Bu briqadalar at arabaları və karetalarla fəaliyyət göstəriblər.
Azərbaycan Cümhuriyyət Hökumətinin ilk qərarlarından biri 17 iyun 1918-ci ildə Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar olub və Səhiyyə Nazirliyinin qərarı ilə də təcili tibbi yardım xidməti təşkil edilib. Təcili tibbi yardım xidməti gün ərzində, bayram, istirahət günləri, gecə saatları digər tibb müəssisələrinin işləmədiyi vaxtda əhalinin sağlamlığının keşiyində dayanan tibbi qurumdur. Təcili tibbi yardım işçiləri beynəlxalq tədbirlər, təbii fəlakətlər, bayram şənlikləri, xalqın şad və həmçinin ağır günlərində daima əhali ilə sıx qarşılıqlı münasibətdə olaraq vəzifə borcunu yerinə yetirir.
Hər gün Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 138 təcili yardım, anesteziloji reanimatoloji pediatrik, psixiatrik, laborotor, rentgen briqadası xəttə çıxır. 2018-ci ilin 8 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 486722-dən artıq ümumi müraciət daxil olub. Bu müraciətlərdən 43220 nəfəri xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 57670, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 7833 olub ki, bu rəqəmdə artım qeyd edilir. Pediatrik çağırışları Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölmələrində fəaliyyət göstərən pediatrik briqadalar tərəfindən icra olunmasına üstünlük verilib. Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2100 nəfərdən çox olub.
Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 101098, hospitalizasiya 8768, miokard infarktı ilə müraciətlərin sayı 689, hospitalizasiya 649, insultla müraciətlərin sayı 2541, hospitalizasiya 2220 olmuşdur. Keçən ilin 8 ayı ilə müqayisədə insultla bağlı müraciətlərin sayında artım müşahidə olub.
Sinir sistemi xəstəlikləri ilə əlaqədar müraciətlərin sayı artdığından, belə xəstələrə göstərilən tibbi yardımın keyfiyyətini yüksəltmək məqsədi ilə, nevrologiya üzrə ixtisasartırma kurslarında dəfələrlə iştirak edən həkimlərdən ibarət xüsusiləşmiş briqadalar təşkil olunub. Doğuşla bağlı müraciətlərin sayı 1907, hospitalizasiya1887 olub. Ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 16679, hospitalizasiya 11553 olubşdur.Bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini travmalar (zədələnmələr) təşkil edir.
Travmalara məişət, nəqliyyat, istehsalat və digər sədələnmələr aiddir. Zədələnmələrin ümumi sayı 13665, hospitalizasiya olanların sayı 8871 nəfər. Statistik rəqəmlərə əsasən 2018-ci ilin 8 ayı ərzində BŞT və TTYS-na nəqliyyat hadisəsi səbəbindən 1632 müraciət daxil olub. Bu hadisələr nəticəsində 1417 nəfər hospitalizasiya olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə avtoqəzaların sayında azalma müşahidə edilir. Pediatrik reanimasiya briqadalarının işi təkmilləşdirilib. Belə ki, Səhiyyə Nazirliyi tərəfindən ayrılmış yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən 15 nəfər və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 400-dən çox körpənin Respublika Perinatal Mərkəzinə, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna daşınması icra edilib. Təcili tibbi yardıma ehtiyacı olan 254 nəfər yaşayış yeri məlum olmayan şəxs, ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq, toksikoloq və rentgen müayinəsindən keçdikdən, təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib.
BŞT və TTYS-nın təcili yardım briqadaları poliklinikalar tərəfindən laborator müayinələrin aparılması üçün götürülən materialların daşınmasında yaxından iştirak edir. Belə ki, 2018-ci ilin 8 ayı ərzində 4000-dən çox laborator daşınma icra edilib.
BŞT və TTYS tərəfindən sənədləşmə işləri təkmilləşdirilmiş formada aparılır. Belə ki, təcili tibbi yardımın müasir tələblərə cavab verən, təcili tibbi yardım həkiminin sənədləşmə işinə sərf etdiyi vaxta qənaət etmək məqsədi ilə yeni “Çağırış vərəqi” forması, yenidoğulmuş və körpələrin bir tibb müəssisəsindən digərinə daşınması zamanı tərtib edilən “Neonatal daşınma vərəqi”, “Gündəlik iş vərəqi” formasından istifadə edilir. Onların elektron variantı da hazırlanır. “Çağırış vərəqi” formasının elektron variantı planşetlərə yüklənərək təcili tibbi yardım həkimlərinin istifadəsinə verilməklə elektron səhiyyənin inkişafına, vətəndaşların sağlamlığı vəziyyətinə “Elektron sağlamlıq kartı” vasitəsilə elektron nəzarət sisteminin tətbiqinə yardım etmiş olacaq.
Stansiyanın 21 bölməsinin hamısına internet xətti çəkilmiş və kameralar quraşdırılaraq rəhbərlik, həmçinin əməliyyat və hospital işlərin təşkili şöbəsi tərəfindən bölmələrin işinə nəzarət gücləndirilib, tibb işçilərinin təhlükəsizliyi təmin edilib. BŞT və TTYS-na müraciət edən şəxslərin xəstəxanalara səmərəli yerləşdirilməsi məqsədi ilə əməliyyat və hospital işlərin təşkili şöbəsi tərəfindən gündəlik olaraq Bakı şəhərinin tibb müəssisələrində mövcud olan boş çarpayıların sayı barədə məlumat toplanır ki, bu da hospitalizasiya zamanı meydana çıxan problemlərin qarşısını alır və o cümlədən xəstələrin ərazi üzrə müvafiq bölgüsünə yardım edir.
Təcili tibbi yardım göstərilməsi məqsədi ilə istifadə olunan dərman preparatlarının siyahisi müalicə metodik şöbə tərəfindən mütəmadi olaraq araşdırılır. Ağır xəstələrin evdə rentgen və ultrasəs müayinəsinin aparılması məqsədi ilə BŞT və TTYS rəqəmsal və analoji rentgen, həmçinin ultrasəs apparatları ilə təmin olunub, ağır yataq xəstələrinin müayinəsinin aparılmasına tibbi göstəriş olarsa, həkim çağırışı əsasında portativ rentgen və ya ultrasəs apparatı ilə evdə rentgen müayinəsi aparılır. Həmçinin BŞT və TTYS-nın evdə laborator müayinəsi apara bilən xüsusi briqadası da mövcuddur və əhaliyə yüksək səviyyədə xidmət edir.
BŞT və TTYS-nin əlavə hazırlıq keçən həkim və orta tibb işçiləri “BMX” Racing növü üzrə dünya cempionatı, Formula yarışları, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Xəzəryanı ölkələrin iştirakı ilə beynəlxalq təlimlər, həmçinin 1200-dən artıq beynəlxalq əhəmiyyətli dövlət tədbirləri zamanı zəruri hallarda tədbir iştirakçıları və şəhərimizə gələn qonaqlara ilkin tibbi yardım göstərməklə yaxından iştirak ediblər.
Tibb işçilərinin bu ağır əməyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən yüksək qiymətləndirilib və BŞT və TTYS-nın bir qrup işçisi mükafatlandırılıb. Fəlakətlər və kütləvi hadisələr zamanı zərərçəkənlərə tez və keyfiyyətli tibbi yardım göstərilməsi məqsədi ilə beynəlxalq təlabatlara cavab verən yeni çeşidləmə, kartları ilə işləmə qaydasını aşılamaq üçün, bölmələrdə mütamadi təlim məşqləri keçirilir və tibb işçilərinin praktik bilikləri qiymətləndirilir. Stansiyada psixoloq fəaliyyət göstərir və bölmələrin kollektivi ilə mütəmadi olaraq görüşərək, psixoloji yardıma ehtiyacı olanlara müvafiq yardım göstərir.
BŞT və TTYS-nın bölmələrində hər həftə aktual mövzulara aid, həmçinin səhiyyə sahəsində olan yeniliklərlə tibb heyətini tanış etmək məqsədi ilə elmi praktik konfranslar, həkimlərin bilik səviyyəsini yüksəltmək məqsədi ilə sorğular keçirilir. 2015-ci ilin mart ayından 2018-ci ilədək BŞT və TTYS-nın həkim və orta tibb işçilərinin ünvanına 1766-dən artıq təşəkkür məktubu və zəngləri daxil olub. Belə ki, 2015-ci ildə 206, 2016-cı ildə 481, 2017-ci ildə 732, 2018-ci ilin 8 ayı ərzində 400-ə yaxın təşəkkür məktubu, zəngləri daxil olub. Həmin şəxslərə stansiyanın rəhbərliyi tərəfindən təşəkkür elan edilib. BŞT və TTYS-nın kollektivi bütün imkanları və bacarığı ilə tibb sahəsində olan yeniliklərdən istifadə etməklə xalqın sağlamlığı keşiyində durmağa çalışır.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı