Tibb və əczaçılıq sahəsində sertifikasiya qaydalarının izahı – Pediatriya.az təqdim edir
Baxış
450
Sual: Yeni qərar nə ilə bağlıdır?
Cavab: Nazirlər Kabinetinin 26 noyabr 2025-ci il tarixli 344 nömrəli qərarı ilə tibb və əczaçılıqla məşğul olan şəxslərin sertifikasiyası üçün yeni qaydalar təsdiq edilib. Bu qərar 2010-cu ildən qüvvədə olan köhnə qaydaları əvəz edir.
Sual: Sertifikasiya nədir və kimlərə aiddir?
Cavab: Sertifikasiya – həkim və əczaçıların bilik və bacarıqlarının müasir tələblərə uyğunluğunu yoxlamaq üçün keçirilən prosesdir. Bu qaydalar həm fəaliyyət göstərən, həm də bu sahədə işləmək istəyən şəxslərə şamil olunur.
Sual: Sertifikat nə qədər müddətə verilir?
Cavab: Sertifikat 5 il müddətinə etibarlıdır. Hər 5 ildən bir sertifikasiya yenilənməlidir.
Sual: Sertifikatı almağın hansı yolları var?
Cavab: İki yol mövcuddur:
-
Sertifikasiya imtahanını vermək;
-
5 il ərzində davamlı peşəkar inkişaf (DPİ) üzrə 250 kredit toplamaq.
Sual: “Orta hesabla 50 kredit” nə deməkdir?
Cavab: Bu ifadə hər il üçün nəzərdə tutulan orta göstəricidir. Yəni, həkim 5 il ərzində ümumilikdə 250 kredit toplamalıdır – bu da illik təxminən 50 kreditə uyğun gəlir.
Sual: Bu kreditlər necə qazanılır?
Cavab: Həkim və əczaçılar elmi konfranslarda, seminar və təlimlərdə iştirak etməklə, elmi və pedaqoji fəaliyyət göstərməklə və ya ixtisas üzrə təcrübə keçməklə DPİ kreditləri qazana bilərlər.
Sual: Kimlər imtahan verməlidir?
Cavab: Əgər mütəxəssis 5 il fasiləsiz işləməyibsə və ya 250 krediti toplaya bilməyibsə, sertifikasiya imtahanı verməlidir.
Sual: İmtahan necə keçirilir?
Cavab: İmtahan test və klinik tapşırıq hissəsindən ibarətdir, pulsuz keçirilir. Yalnız sınaq imtahanı ödənişlidir: ali təhsillilər üçün 35 manat, orta ixtisas təhsillilər üçün 25 manat.
Sual: Sertifikasiyadan keçmək üçün neçə bal toplamaq lazımdır?
Cavab: Test hissəsindən ən az 40, klinik tapşırıq hissəsindən isə azı 16 bal toplamaq lazımdır.
Sual: Yeni sistemdə nə dəyişdi?
Cavab: Artıq bütün məlumatlar “Vahid Səhiyyə İnformasiya Sistemi” vasitəsilə elektron qaydada toplanacaq. Həkimlər şəxsi kabinetləri vasitəsilə kreditlərini izləyə və sertifikatlarını onlayn əldə edə biləcəklər.
Sual: Sertifikat hansı hallarda ləğv olunur?
Cavab: Saxta sənəd təqdim edildikdə, qanun pozuntusuna yol verildikdə, fəaliyyətə yararsızlıq və ya cinayət halları müəyyənləşdikdə sertifikat ləğv edilir.
Sual: Yeni qaydaların məqsədi nədir?
Cavab: Qaydaların əsas məqsədi tibb işçilərinin bilik və bacarıqlarının daim yenilənməsi, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi və pasiyent təhlükəsizliyinin təmin edilməsidir.
Əlavə suallarınız olarsa, onları pediatriya.az@gmail.com elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Şərhlər (0)