Tibb işçilərinin biliklərinin artırılması və bacarıqlarının təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
Bakı, 1 may, AZƏRTAC
“Tibbi sığorta haqqında” Qanuna edilmiş dəyişikliklərin 2020-ci ildə qüvvəyə minməsini nəzərə alaraq, ölkənin səhiyyə sisteminin icbari tibbi sığorta tələblərinə uyğunlaşdırılması ehtiyacı yaranıb. Bu məqsədlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən tibb müəssisələrinin ilkin qiymətləndirilməsi həyata keçirilib və nəticədə 2019-cu il üzrə görüləcək işlərə dair tədbirlər planı işlənib hazırlanıb. Tədbirlər planına uyğun olaraq tibb müəssisələrinin elektronlaşdırılması ilə bağlı zəruri işlərin görülməsi və informasiya texnologiyalarının geniş tətbiqi nəzərdə tutulur. Bununla yanaşı, tibb müəssisələrinin icbari tibbi sığorta sisteminə keçidini təmin etmək məqsədilə tibb işçilərinin biliklərinin artırılması və bacarıqlarının təkmilləşdirilməsi üçün bir sıra təlimlərin keçirilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Agentliyin sədri bildirib ki, gələn il yanvarın 1-dən qüvvəyə minəcək “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunda bütün əhaliyə təcili və təxirəsalınmaz tibbi yardım, habelə ilkin səhiyyə xidməti üçün sığorta haqlarının dövlət büdcəsi tərəfindən ödənilməsi göstərilib. Həmçinin ölkə əhalisinin 45 faizini təşkil edən iqtisadi qeyri-fəal əhali, başqa sözlə desək, uşaqlar, tələbələr, pensiyaçılar, sosial müavinət və ünvanlı sosial yardım alan şəxslər, hamilə və sosial məzuniyyətdə olan qadınlar üçün sığorta haqqının dövlət büdcəsi tərəfindən ödənilməsi nəzərdə tutulub.