Tibb işçilərinə yenidoğulmuşlara keyfiyyətli tibbi yardımın göstərilməsi haqqında məlumat verilib

Bakı, 24 iyul, AZƏRTAC

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) yenidoğulmuşların reanimasiyası üzrə təcrübi təlim kursları keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kurs perinatal yardıma dair Amerikanın Pediatrik Akademiyası və Amerikanın Kardioloji Assosiasiyasının beynəlxalq səviyyədə sertifikatlaşdırılmış təlim proqramı əsasında təşkil olunub.

İstanbul Mədəniyyət Universiteti Göztepe Təhsil və Araşdırma Xəstəxanasında “Neonatal reanimasiya” proqramı üzrə kurs keçmiş təlimçi Nahidə Mahmudova iştirakçılara reanimasiyaya hazırlıq, adaptasiya dövrü, neonatal qayğının ilkin addımları, neonatal reanimasiyanın icmalı və prinsipləri haqqında məlumat verib.

Ölkəmizin doğuşayardım müəssisələrində çalışan tibb mütəxəssisləri üçün nəzərdə tutulan kursda yenidoğulmuşların reanimasiyasında istifadə edilən yeni texnologiyaların, onların erkən diaqnostikası və müalicəsinə dair ən müasir məlumatların təcrübədə tətbiqi öyrədilib. Həmçinin iştirakçılara yenidoğulmuşlara keyfiyyətli tibbi yardım göstərilməsi, xüsusi avadanlıq və qurğular olmadıqda körpələrə ilkin ixtisaslaşdırılmış yardımın tətbiq edilməsi, onların müvafiq tibb müəssisələrinə vaxtında çatdırılmasının təmin olunması ilə bağlı ətraflı məlumat verilib.

Qeyd edək ki, kurs Səhiyyə Nazirliyi tərəfindən akkreditə olunub. Kursun kredit miqdarı 13 bal təşkil edib. Təlimi müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub.

 

AZƏRTAC