Uşaqlar niyə müntəzəm tibbi müayinədən keçməlidir?
Mütəşəkkil uşaq müəssisələrində icbari dispanserizasiya uşaqların sağlam inkişafının əsas təminatlarından biridir.
Bu fikirləri “Sağlam radio” nun “Sağlam səhər” verilişində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-gigiyenisti Sevda Talıbova açıqlayıb.
Onun sözlərinə görə, uşaqlıq dövründə sağlamlıq vəziyyətinin sistemli izlənilməsi, xəstəliklərin erkən aşkarlanması və profilaktik tədbirlərin həyata keçirilməsi gələcəkdə sağlam nəslin formalaşması üçün mühüm şərtlərdəndir. Bu məqsədlə məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil məktəbləri, internatlar, uşaq evləri və digər təşkilatlanmış uşaq kollektivlərində icbari dispanserizasiya aparılır.
Dispanserizasiya yalnız xəstə uşaqların qeydiyyatını deyil, həmçinin sağlam uşaqların müntəzəm tibbi müşahidəsini, fiziki və psixi inkişafın qiymətləndirilməsini, yoluxucu və qeyri-yoluxucu xəstəliklərin erkən aşkarlanmasını, immunoprofilaktikanın vəziyyətinin yoxlanılmasını və risklərin azaldılmasına yönəlmiş tədbirləri əhatə edir.
Mərkəz bu prosesə sanitariya-epidemioloji nəzarət edir, metodiki dəstək göstərir, profilaktik müayinələrin və peyvənd tədbirlərinin vaxtında icrasına diqqət yetirir, laborator müayinələrin təşkilini və aşkar olunan problemlərlə bağlı tibb müəssisələri ilə əlaqələndirməni təmin edir..
S. Talıbova valideynləri və təhsil müəssisələrini uşaqların icbari dispanserizasiyasında fəal iştirak etməyə çağırıb. Müntəzəm profilaktik müayinələr xəstəliklərin erkən aşkarlanması və gələcək sağlamlıq risklərinin minimuma endirilməsi üçün mühüm əhəmiyyət daşıyır.