Səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına dəyişiklik edilib
Bakı, 23 noyabr, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müvafiq qərarı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nda dəyişiklik edilib.
Dövlət agentliyindən AZƏRTAC-a bildirilib ki, Qaydaya əsasən tibb işçilərinin əməkhaqlarına vəzifə (tarif) maaşları, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir. Tibb işçilərinə həvəsləndirici əlavələr vəzifədən və yerinə yetirilən işin xüsusiyyətindən asılı olaraq, aylıq sabit və ya işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində verilir.
Dəyişikliyə əsasən tibb işçilərinə verilən sabit həvəsləndirici əlavələr üzrə ixtisasların/vəzifələrin sayı artırılıb və yeni redaksiyada təsdiq edilib. Əvvəlki Qaydaya görə 9 ixtisas/vəzifə üzrə həkimlərə aylıq sabit həvəsləndirici əlavə verilirdisə, yeni dəyişikliyə əsasən hazırda bu say artırılaraq 16-ya yüksəlib.
Bununla yanaşı, bir sıra ixtisaslar/vəzifələr üzrə sabit həvəsləndirici əlavələrin məbləği tibb müəssisələrinin fəaliyyət göstəricisindən asılı olaraq müəyyənləşdirilib. Belə ki, tibb müəssisələri 3 qrupa (1-ci, 2-ci və 3-cü qruplar) bölünüb (Cədvəl 1).
Cədvəl 1-in 6-cı, 9-cu və 14-cü bəndləri istisna olmaqla, digər bəndlər 2020-ci il 21 yanvar tarixindən qüvvəyə minir. 9-cu bənd 2020-ci il 1 yanvar tarixindən, 6-cı və 14-cü bənd isə 2020-ci il 26 oktyabr tarixindən qüvvəyə minir.
Aylıq həvəsləndirici əlavələr isə həkimlərə ixtisasları/vəzifələri üzrə göstərilən xidmətin ölçülməsi və dəyərləndirilməsi məqsədilə verilir. Optimal iş yükünü və iş saatlarını nəzərə alaraq, həkimlərin xidmətlərinin yuxarı kəmiyyət həddi məhdudlaşdırılır və yuxarı kəmiyyət həddini aşaraq göstərilən tibbi xidmətlərə görə əlavələr ödənilmir.
Reanimasiya ilə yanaşı, yeni dəyişikliyə görə intensiv terapiya və anesteziologiya, intensiv terapiya bloklarında çalışan həkimlərə hər gecə növbəsi üçün 30 manat, gecə növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün 5 manat məbləğində normativlərlə bağlı əlavələr verilir.
Orta və kiçik tibb işçilərinin göstərdikləri xidmətlərin xüsusiyyətləri nəzərə alınaraq, onların aylıq vəzifə (tarif) maaşlarına tətbiq edilən həvəsləndirici əlavələr tutduqları vəzifələrdən asılı olaraq aylıq sabit əlavələr şəklində təyin olunur. Dəyişikliyə əsasən iki vəzifə üzrə aylıq sabit əlavələr tibb müəssisələrinin təsnifat qrupuna əsasən müəyyənləşdirilib. Belə ki, Qaydanın 19.1-ci bəndi üzrə 6-cı və 9-cu sətirlərə Cədvəl 2-dəki dəyişikliklər edilib. Qərara əsasən bu dəyişikliklər 01 yanvar 2020-ci il tarixindən qüvvəyə minir.
Həmçinin tibb müəssisəsinin rəhbərliyinə və qeyri-tibb işçilərinə verilən aylıq həvəsləndirici əlavələr üzrə təsnifat qrupunda da dəyişiklik edilib (Qaydanın 16-4-cü bəndi). Tibb müəssisəsinin rəhbərliyinə və qeyri-tibb işçilərinə verilən aylıq həvəsləndirici əlavələr 2020-ci il 21 yanvar tarixindən qüvvəyə minir.
Qərarda qeyd edilən bütün digər bəndlər isə 2020-ci il 26 oktyabr tarixindən qüvvəyə minir.
Qaydaya edilən dəyişikliklərlə bağlı daha ətraflı buradan tanış ola bilərsiniz.