Sabahkı imtahanlarda 26 mindən çox abituriyent iştirak edəcək
Dövlət İmtahan Mərkəzi iyulun 10-da növbəti imtahanlar keçirəcək.
Mərkəzdən Trend-ə verilən məlumata görə, imtahanlar 9 şəhər və rayonda – Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda 50 imtahan mərkəzində təşkil olunacaq.
İmtahanlarda ümumilikdə 26 014 nəfərin iştirak edəcəyi gözlənilir.
Bu imtahanlarda ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 18116 nəfər əvvəlki illərin məzunları; ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 4437 nəfər əvvəlki illərin məzunları; eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş, həmçinin üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan 847 nəfər IX sinif, 2614 nəfər isə XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunması üçün 170 imtahan rəhbəri, 2073 nəzarətçi-müəllim ayrılıb.
Bu imtahanlarda iştirak edəcək şagirdlər (abituriyentlər) “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə iyulun 4-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə (abituriyentlərə) imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Şagirdlər (abituriyentlər) imtahana “İmtahana buraxılış vərəqəsi”, şəxsiyyəti təsdiq edən sənədin əslini: Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini, əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini gətirməlidirlər. Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər isə digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.
Qeyd edək ki, göstərilən sənədlərindən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan şəxslər imtahan binasına buraxılmayacaqlar.
Trend