Rezidenturaya sınaq imtahanına qeydiyyat aparılır

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanına qeydiyyat davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, mərkəz tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə keçirilən sınaq imtahanına qeydiyyat davam edir.

Sınaq imtahanında iştirak etmək istəyənlər 9 iyun saat 09:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

Sınaq imtahanı 9 iyun 2018-ci il tarixində DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 14:00-da başlayacaq. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) AZN-dir. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. “Şəxsi kabinet” bir dəfə yaradılır və daim istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin “Şəxsi kabinet”ində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar.

 

Trend