Bakı Baş Səhiyyə Mərkəzinə direktor müavini təyin edilmişdir
Şərifova Nərgiz Talıb qızı ali təhsilini Azərbaycan Tibb Universitetində almış, 2003–2004-cü illərdə pediatriya ixtisası üzrə internaturanı uğurla tamamlamışdır. Peşə fəaliyyətinə klinik sahədə başlayan N.Şərifova 2004–2016-cı illərdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində həkim kimi çalışmış, sonradan isə həmin şöbəyə rəhbərlik etmişdir. Bu müddət ərzində o, xüsusilə ağır vəziyyətdə olan uşaqların müalicəsi, reanimasiya və intensiv terapiya sahəsində zəngin təcrübə qazanmışdır.
2016-cı ildən etibarən fəaliyyətini dövlət idarəçiliyi sahəsində davam etdirən N.Şərifova Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Tibbi yardımın təşkili şöbəsinin müdir müavini, daha sonra isə Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri vəzifələrində çalışmışdır. Bu dövrdə o, ölkədə ana və uşaq sağlamlığının qorunması istiqamətində həyata keçirilən proqram və layihələrin icrasında fəal iştirak etmişdir.
2023-cü ildən Bakı Baş Səhiyyə Mərkəzinə təyinatınadək Azərbaycan Tibb Universitetinin I uşaq xəstəlikləri kafedrasında assistent vəzifəsində çalışmış, eyni zamanda ATU Tədris Cərrahiyyə Klinikasının yenidoğulmuşların intensiv terapiyası şöbəsində həkim-neonatoloq kimi fəaliyyət göstərmişdir.
Şərifova Nərgiz Talıb qızı 1-ci dərəcə dövlət qulluqçusudur və həm klinik, həm də idarəetmə sahəsində uzunillik təcrübəyə malikdir.