"Neonatologiyada klinik çağırışlar: Diaqnostika və müalicə" mövzusunda elmi-praktik konfrans keçirilmişdir
8 iyul 2026-cı il tarixdə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) “Neonatologiyada klinik çağırışlar: Diaqnostika və müalicə” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ardınca ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfransda neonatologiya sahəsində çalışan mütəxəssislər, həkimlər və elmi işçilər iştirak etmişlər. Tədbirin açılışında çıxış edən ETPİ-nin direktoru dosent Aynur Poluxova konfransın neonatologiya sahəsində çalışan mütəxəssislər üçün əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, yenidoğulmuşlara göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, müasir elmi nailiyyətlərin praktikaya tətbiqi və mütəxəssislərin davamlı peşəkar inkişafı institutun fəaliyyətinin əsas prioritet istiqamətlərindəndir.
Konfransın moderatorları dosent Aynur Poluxova, professor Fatimə Seyidbəyova və dosent Sevinc Nəsirova olublar.
Konfrans çərçivəsində yenidoğulmuşlarda intensiv terapiya, neonatal sepsisin müasir diaqnostika və müalicə prinsipləri, son klinik protokollar, respirator dəstək üsulları, qanın turşu-qələvi müvazinəti və digər aktual mövzular üzrə elmi məruzələr təqdim olunub. Beynəlxalq klinik protokollar, sübutlara əsaslanan yanaşmalar və praktik təcrübə əsasında aparılan təqdimatlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Konfrans çərçivəsində Pediatriya.az portalının təsisçisi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi və Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının əməkdaşı Nərmin Əzizova “Yenidoğulmuşlarda respirator dəstək: prinsiplər və klinik yanaşmalar” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə yenidoğulmuşlarda respirator dəstəyin müasir prinsipləri, ventilyasiya strategiyalarının düzgün seçilməsi, qeyri-invaziv və invaziv tənəffüs dəstəyi metodlarının tətbiqi, eləcə də kritik vəziyyətlərdə klinik qərarvermə yanaşmaları ətraflı şəkildə təqdim olunmuşdur.
Tədbirin əsas məqsədi neonatologiya sahəsində müasir elmi yeniliklərin və qabaqcıl klinik təcrübənin mütəxəssislərlə paylaşılması, yenidoğulmuşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsinə töhfə vermək olub.
Konfrans çərçivəsində institut tərəfindən görkəmli alim, professor Nadir Tağıyevin əziz xatirəsinə həsr olunmuş “Neonatal sepsis” adlı metodik tövsiyə haqqında da məlumat verilmişdir. Müasir beynəlxalq tövsiyələr və elmi sübutlar əsasında hazırlanmış nəşrin neonatal sepsisin erkən diaqnostikası, müalicəsi və profilaktikası sahəsində praktik həkimlər üçün stolüstü vəsait kimi nəzərdə tutulduğu bildirilmişdir.
Məruzələr zamanı yenidoğulmuşlarda kritik vəziyyətlərin erkən diaqnostikası, müasir müalicə protokolları, intensiv terapiya prinsipləri və klinik praktikada rast gəlinən mürəkkəb halların idarə olunması ilə bağlı geniş müzakirələr aparılmış, iştirakçıların çoxsaylı sualları cavablandırılmışdır.
Konfransın sonunda əsrin qlobal problemlərindən biri hesab olunan antibiotik rezistentliyinin yaranmasına səbəb olan amillər geniş şəkildə müzakirə edilmişdir. Bu istiqamətdə ETPİ tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təqdim olunan təklif iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanmışdır. Qeyd olunmuşdur ki, antibiotiklərdən rasional istifadə və antimikrob rezistentliyə qarşı mübarizə sahəsində həyata keçiriləcək tədbirlər təkcə institut üçün deyil, bütövlükdə ölkənin səhiyyə sistemi üçün strateji əhəmiyyət daşıyır.
Konfrans müasir elmi biliklərin və qabaqcıl klinik təcrübənin paylaşılması, peşəkar əməkdaşlığın genişləndirilməsi və neonatologiya sahəsində fəaliyyət göstərən mütəxəssislər arasında təcrübə mübadiləsinin gücləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilmişdir.







