Dövlət mükafatlarına layiq görülən tibb işçilərinə təltiflər təqdim olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə səhiyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə və əhalinin sağlamlığının qorunmasında xidmətlərinə görə dövlət mükafatlarına layiq görülən bir qrup tibb işçisinə təltiflər təqdim edilib.
Səhiyyə Nazirliyində keçirilən təqdimat mərasimində çıxış edən səhiyyə naziri Teymur Musayev tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib, onların ölkənin səhiyyə sisteminin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən dövlət mükafatlarına layiq görülən tibb işçilərinə orden, medal və fəxri adlara dair təltiflər təqdim olunub.
Təltif olunan səhiyyə işçiləri onlara göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə edib, bundan sonra da əhalinin sağlamlığının qorunması və ölkədə səhiyyənin daha da inkişafı naminə məsuliyyətlə fəaliyyət göstərəcəklərini bildiriblər.


