Leyla Həsənova: Psixoloji travma alan şagirdlərin diqqətdə saxlanılması vacib amildir
Bakı, 11 aprel, SalamNews. Yeniyetmələrin, şagird və tələbələrin, ümumiyyətlə əsasən gənclərin psixoloji durumuna nəzarət etmək lazımdır. Bunun üçün yalnız onların çalışdıqları qurumları, oxuduqları təhsil ocaqlarının deyil, həm valideynlərin üzərinə məsuliyyət düşür. Son günlər sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilmiş azyaşlı qızın məlum intihar xəbəri isə psixoloqa müraciətin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha göstərdi.
SalamNews xəbər verir ki, bununla bağlı “ABC Tədris İnkişaf Mərkəzin”in rəhbəri Leyla Həsənova yeniyetmə övladı olan valideynlər üçün təqdir olunası çağırış edib. O valideynləri öz övladlarına daha ciddi nəzarət etmələrinə çağırıb və həmçinin öz mərkəzlərində həmin hadisənin şahidi olan məktəblilər üçün təmənnasız xidmət təklif edib: “Düzdür bu hadisə ilə bağlı aidiyyəti qurumlar müvafiq araşdırmalar aparırlar. Bu ayrı mövzunun söhbətidir. Amma həmin günün şahidləri var, təəssüf ki, hadisə azyaşlı uşaqların, yeniyetmələrin gözü qarşısında baş verib. O şahidlər- şagirdlərin hər biri də ciddi psixoloji travmalar aldılar.
“Mən həkim və “ABC Tədris İnkişaf Mərkəzinin” rəhbəri olaraq 162 saylı orta məktəbin şagirdlərinin valideynlərinə müraciət edirəm. Həmin məktəbin hər bir şagirdini mərkəzimizdə, kollektivimizdə çalışan mütəxəssislərin dəyərli məsləhətləri ilə təmənnasız olaraq psixoloji diaqnostikadan keçirtməyi təklif edirəm. Düşünürəm ki, psixoloji travma alan şagirdlərin də diqqətdə saxlanması vacib amildir”, deyə L.Həsənova bildirib.