Kavasaki xəstəliyi
Kavasaki xəstəliyi – orta ölçüdə olan damarların iltihabı nəticəsində yaranan xəstəlikdir.
İltihabi dəyişikliklər ən çox ürəyə qan daşıyan koronar damarlarda görülür.
Əsasən 6 aydan – 5 yaşa qədər uşaqlar arasında müşahidə olunur.
Kavasaki xəstəliyinin səbəbi dəqiq məlum deyil. Əsasən genetik meyllilik nəticəsində yaranır. Bununla yanaşı, viruslar və ətraf mühit faktorları da xəstəliyin ortaya çıxmasında rolu olduğu bilinir. Oğlanlarda qızlardan daha çox rast gəlinir. Son tədqiqatlara əsasən xüsusən qış və yaz aylarında daha çox müşahidə olunur.
Kavasaki xəstəliyinin əlamətləri hansılardır?
5 gündən daha uzun müddət davam edən qızdırmadan əlavə (qızdırma əleyhinə preparatlara cavab vermir) xəstəliyin əlamətləri aşağıdakılardır:
- İki tərəfli gözlərdə konyuktivada axıntı olmayan qızartının olması;
- Boyunda limfa
düyünlərinin böyüməsi (əsasən bir tərəfli və 1.5 sm dan böyük olan); - Dodaq və ağzın selikli qişasında olan dəyişikliklər. Parlaq və qırmızı çatlamış dodaqlar, qırmızı və şişmiş dil (çiyələk dil);
- Səpkilər: döş qəfəsindən ayaqlara doğru yayılan polimorf (müxtəlif formalı) səpkilər (xüsusən cinsiyyət üzvlərində) ;
- Əl və ayaqda dəyişikliklər: kəskin dövrdə əl və ayaq dabanında şişkinlik (ödem). 2-ci və 3-cü həftələrdə əl və ayaq barmaqların dərisinin soyulması.
Bu xəstələrdə uzun müddət davam edən və qızdırma əleyhinə preparatlara cavab verməyən qızdırma ilə yanaşı yuxarıda göstərilən 5 əlamətdən 4-ünün olması diaqnozu dəqiqləşdirir.
Diaqnoz kriteriyalar; arasında yer almayan ancaq Kavasaki xəstəliyi üçün spesifik olan əlamətlərdən biri də BCG (vərəm əleyhinə olunan) peyvəndinin yerində qızartı və bərkimə müşahidə olunur.
Bu xəstələrdə digər əlamətlər: oynaq ağrıları, ishal, qusma, qarın ağrısı və sair müşahidə edilir.
Əgər xəstə də ağırlaşma müşahidə edilmirsə xəstəliyin əlamətləri yavaş-yavaş geri çəkilməyə başlayır.
Xəstəlik hər uşaqda eynidir?
Xəstəliyin ağırlığı uşaqdan uşağa dəyişir. Ürəyin koronar arteriyaların anevrizması müalicə alan 100 uşaqdan yalnız 2 ilə 6 sı arasında müşahidə edilir. Çox nadir hallarda 1 yaşdan aşağı uşaqlarda da bütün xarakterik klinik əlamətlər olmadan da müşahidə edilə bilinər.
Covid-19 və Kavasaki xəstəliyinin əlaqəsi vardır?
Uşaqların böyük hissəsi Covid-19 infeksiyasını yüngül əlamətlərlə keçirir. Çox az qismdə yalnız qızdırma əlaməti müşahidə edilir. Nadir hallarda multi orqan çatışmazlığı müşahidə edilir. Uşaqlarda ürək, ağciyər, mədə-bağırsaq sistemi zədələnir. Hətta bəzən qıcolmalar da müşahidə oluna bilinər. Bəzi hallarda daha çox ürək zədələnə bilər və bu da Kavasaki xəstəliyini əks etdirə bilinər. Ona görə də əgər uşağınızda 5 gündən artıq davam edən qızdırma, səpkilər, əl-ayaqlarda şişkinlik, orqan funksiya çatışmazlığı, ciddi ishallar, tənəffüs çatışmazlığı olduqda mütləq həkimə müraciət edin. Kavasaki xəstəliyi ağır gedişli və ölümcül ola bilən xəstəlikdir. Diqqətli olmaq çox vacibdir.
Diaqnoz necə qoyulur?
Diaqnoz qoymaq üçün xüsusi test yoxdur. Həkiminiz differensial diaqnostika edərək diaqnoz qoya bilər. Həmçinin diaqnoz dəqiqləşdirməkdə xüsusi testlərdən də istifadə olunur. Bunlara sidik analizi, qanın ümumi analizi, elektrokardioqramma (ürəyin ritmində dəyişikliklər müşahidə oluna bilinər), Exokardioqramma (ürəyin funksiyasını necə yerinə yetirdiyi, ürəyin koronar damarların anomaliyasının olub olmamasını müəyyənləşdirmək üçün), qanda B tip natriuretik peptid (BNP) maddə (ürək stress altında olanda ifraz olunur) artır.
Ağırlaşmaları nədir?
Kavasaki xəstəliyi uşaqlarda qazanılmış ürək xəstəliyinin ən əsas səbəbidir. Düzgün müalicə hesabına uşaqların çox az qismində qalıcı zədə qala bilər.
Kavasaki xəstəliyinin ürək ağırlaşmaları aşağıdakılardır:
- ürəyə yaxın olan koronar arteriya damarların iltihabı (vaskulit)
- ürək əzələsinin iltihabı (miokardit)
- ürək qapağı problemləri
Bu ağırlaşmaların hər biri uşağın ürəyinə zərər verə bilər. Koronar arteriyaların iltihabı arteriya divarının zəifləməsinə və şişməsinə (anevrizmaya) səbəb olur. Anevrizmalar, infakta səbəb ola bilər. Həmçinin, həyati təhlükəyə yarada biləcək daxili qanaxmalara səbəb ola bilər. Bu problem inkişaf edən xəstələrin çox az qismində müalicəyə baxmayaraq ölümcül ola bilər.
Müalicəsi nədir?
Kavasaki xəstəliyinin diaqnoz qoyulan kimi həkiminiz müalicəyə başlamaq istəyəcəkdir.
Əsas hədəf qızdırma və iltihabi azaltmaq, həmçinin ürəyin zədələnməsinin qarşısını almaqdır.
Müalicə edilməyən kavasaki xəstəliyi təqribən 12 gün davam edir. Ancaq ürək ağırlaşmaları daha sonra ortaya çıxa bilər və uzun müddət davam edə bilər. Əgər uşaqda ürək problemləri varsa, uşaq kardioloqu tərəfindən nəzarətdə saxlanmalı və xəstəliyin başlamasından 6-8 həftə sonra və 6 ay sonra təkrar müayinə olunmalıdır.
Kavasaki xəstəliyin müalicəsindən sonra nəyə diqqət olunmalıdır?
Əgər kavasaki xəstəliyi keçirən uşaq immunoqlobulin müalicə alıbsa, su çiçəyi və ya qızılca peyvəndi olunması üçün ən az 11 ay gözləmək lazımdır. Çünki, immunoqlobulin bu peyvəndlərin immun cavabına təsir edir.
Kavasaki xəstəliyi keçirən uşaq idmanla məşğul ola bilər?
Müalicənin əsas məqsədi uşaqların mümkün olduqca normal həyata qaytarmaq və yaşıdlarından fərqləndirməməkdir. Ürək zədələnməsi olmayan uşaqlara idman və ya aktiv həyatda heç bir məhdudiyyət qoymağa ehtiyac yoxdur. Amma ürək zədələnməsi olan uşaqlar da isə mütləq olaraq pediatr kardioloq baxmalı, idmanla məşğul olmaq barədə məsləhət almalı və həkimin nəzarəti altında olmalıdır.
Mütəxəssis Pediatr Dr.Nərmin Əzizova