K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda “Nadir xəstəliklər: şəxsi təcrübəmiz – 2” toplusunun təqdimatı keçirilmişdir
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda “Şəhərsalma və memarlıq ili” çərçivəsində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş və bu münasibətlə nəşr edilmiş “Nadir xəstəliklər: şəxsi təcrübəmiz – 2” adlı toplunun təqdimat mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən institutun direktoru dosent Aynur Poluxova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafında, xüsusilə uşaq sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi mühüm tədbirlərdən danışıb. O bildirib ki, Ulu Öndərin müəyyən etdiyi dövlətçilik və səhiyyə siyasəti bu gün də uğurla davam etdirilir və ölkədə tibbin müxtəlif sahələrinin inkişafına mühüm töhfələr verir.
Tədbir çərçivəsində Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha sonra institut əməkdaşları tərəfindən hazırlanmış “Nadir xəstəliklər: şəxsi təcrübəmiz – 1” və “Nadir xəstəliklər: şəxsi təcrübəmiz – 2” adlı topluların Azərbaycan və ingilis dillərində təqdimatı keçirilib. Bildirilib ki, nəşrlər müvafiq olaraq Ümummilli Lider Heydər Əliyevin 102 və 103-cü ildönümlərinə həsr olunub.
Təqdimat zamanı vurğulanıb ki, “Nadir xəstəliklər günü” hər il fevral ayında qeyd olunsa da, toplular ehtiram əlaməti olaraq 2025-ci ildə olduğu kimi bu il də Ümummilli Lider Heydər Əliyevin doğum günü ərəfəsində nəşr olunub. Qeyd edilib ki, toplularda yer alan bütün materiallar institutun müxtəlif şöbələrində müşahidə və müalicə olunmuş real klinik hallara əsaslanır və pediatriya sahəsində mühüm elmi-praktik əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində həmçinin Yeni Azərbaycan Partiyasının K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Ərazi Partiya Təşkilatında partiya ideyalarının təbliği istiqamətində göstərdiyi səmərəli və qüsursuz fəaliyyətə görə Solmaz Eyvazova Təşəkkürnamə ilə təltif olunub.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş əməkdaşlara üzvlük vəsiqələri təqdim edilib, tədbir partiyanın himninin səsləndirilməsi ilə başa çatıb.






















