K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda beynəlxalq əməkdaşlıq görüşü keçirilib

Baxış
1750

Vatikanın Bambino Gesu Pediatrik Xəstəxanasının Prezidenti Titsiano Onestinin rəhbərlik etdiyi nümayəndə heyəti 12 may 2026-cı il tarixində Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda olub.

Qonaqlara institutun fəaliyyəti, pediatriya sahəsində həyata keçirilən müasir tibbi xidmətlər, elmi-praktik istiqamətlər və beynəlxalq əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verilib. Bildirilib ki, institut Azərbaycanda ana və uşaq sağlamlığının qorunması, neonatologiya, intensiv terapiya, nadir və irsi xəstəliklərin idarə olunması istiqamətində mühüm fəaliyyət göstərən aparıcı tibb müəssisələrindən biridir.

Nümayəndə heyəti institutun şöbələrində yaradılan şərait, müasir tibbi avadanlıqlar və pasiyentlərə göstərilən yüksək səviyyəli tibbi xidmətlərlə tanış olub. Görüş zamanı pediatriya, molekulyar genetika, klinik diaqnostika və elmi-tədqiqat sahələrində gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Qeyd edək ki, səfər çərçivəsində bu gün Azərbaycan Respublikasının səhiyyə naziri Teymur MusayevTitsiano Onestinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı pediatriya, nadir xəstəliklər və uşaq sağlamlığı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Vatikan münasibətləri uğurla inkişaf edir. Həmçinin vurğulanıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanin rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Vatikanla humanitar və mədəni əlaqələrin inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir.

Qeyd olunub ki, Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Bambino Gesu Pediatrik Xəstəxanası arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində təcrübə mübadiləsi, birgə elmi-tədqiqat layihələri və tibbi heyətin peşəkar hazırlığı həyata keçiriləcək.

Öz növbəsində Titsiano Onesti Azərbaycanda səhiyyə sahəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirib və K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda yaradılmış müasir tibbi şəraitin, peşəkar tibbi heyətin və uşaqlara göstərilən yüksək səviyyəli xidmətin təqdirəlayiq olduğunu qeyd edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 16 oktyabr 2025-ci il tarixində Vatikana səfəri çərçivəsində Avropanın ən böyük pediatrik tibb müəssisələrindən biri olan Bambino Gesu Pediatrik Xəstəxanasında olub və burada molekulyar genetika və klinik diaqnostika laboratoriyaları ilə tanış olub.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin