İshal (diareya) nədir? Necə yanaşılmalıdır? Həkim Nərmin Əzizova
İshal – 1 sutkada üçdən artıq həmişəkindən tez-tez və ya daha sulu nəcis ifrazatının olmasıdır.
Uşaqlarda normal nəcis ifrazı nədir?
Uşaqların yaşına görə nəcis ifrazının tezliyi və qatılığı dəyişir. Körpələrdə gündə 3-10 dəfə yumşaq qatılıqlı ifrazatın olması normal haldır. İlk 3 ayda bəzi körpələr gündə 2 və ya daha çox, başqaları isə həftədə bir dəfə yumşaq qatılıqlı nəcis ifraz edirlər. Hər iki halı normal kimi qəbul edə bilərik. Yaşa görə nəcis ifrazın rəngi və qatılıqıda dəyişir. Xüsusən ana südü qəbul edən körpələrdə sarı, yaşıl və ya qəhvə rəngində ola bilər. 2 yaşına kimi uşaqların gündə ən azı 1 dəfə qatı qatılıqlı ifrazatı müşahidə edilir. Daha böyük uşaqlarda isə bu fərqli ola bilər.
İshalın yaranmasında risk faktorları
- Körpənin ana südü ilə qidalanmaması;
- Butulka və əmziyin tez-tez çirklənməsi;
- Uşaq yeməklərin düzgün hazırlanmaması və saxlanmaması;
- Təmiz sudan istifadə edilməməsi;
- Şəxsin ozünün risk faktorları (xronik xəstəlik, immun sisteminin zəif olması və s.).
İshal niyə olur?
- Bağırsaq infeksiyaları: viruslar, bakteriyalar, parazitlər və s.;
- Qida zəhərlənmələri;
- Diş çıxarma;
- Bəzi qidalara qarşı yaranan həssaslıq (allergiya) ;
- Həddindən çox meyvə və ya meyvə suyu, ishal yarada biləcək digər qidaların istifadəsi (xüsusən alma, üzüm);
- Antibiotik istifadəsi;
- Laktoz intoleransı;
- Yuxarı/aşağı tənəffüs yolu infeksiyası;
- Metabolik xəstəliklər;
- Fruktoz həzmində problem olan insanlarda (xüsusən fruktoza meyvələrdə və balda olur). İçkilərədə dadlandırıcı kimi fruktoza əlavə oluna bilinər;
- Bəzən nadir görülən xəstəliklərdə Chron xəstəliyi, ulserativ (xoralı) kolit, çölyak xəstəliyi, qıcıqlandırılmış bağırsaq sindromu kimi xəstəliklərdə də xronik ishal görülür.
İshalın əlamətləri nədir?
- Yumşaq və sulu nəcis ifrazatı;
- İfrazat tezliyinin artması;
- İfrazat miqdarının artması;
- Selikli və ya qanla qarışıq ifrazat;
- Qızdırma;
- Qusma;
- Qarın ağrısı;
- Narahatlıq .
İshal hər fəsil ola bilər. Amma yay aylarında yeməklərin tez xarab olması, gigiyenik qaydalara tam düzgün əməl olunmamaq və yemək vərdişlərinin dəyişməsinə görə daha çox rast gəlinir.
İshala yoluxmanın yolları
İnfeksiya ən çox nəcisə ağız və əl təması ilə keçir. Həmçinin, uzun müddət saxlanmış və ya yaxşı bişirilməmiş, hazırlanmamış qidalar, konservalar, qaynağı bəlli olmayan sularda da mikroblar çoxalaraq ishala səbəb ola bilər.
İshal nə qədər davam edir?
Əsasən bir neçə saatdan bir neçə günə qədər müddət dəyişə bilər.
Nə vaxt həkimə müraciət edilməlidir?
- 1 yaşından aşağı uşaqlar və bir neçə saat ərzində hər hansı bir şey yeyib və ya içmirsə;
- Çoxlu miqdarda və tez-tez sulu nəcis ifrazatı olduqda;
- Susuzluq əlamətləri (xüsusən uşaqda susuzluq hissiyatı, ağızda quruluq, gözdə yaş olmaması, gözlərin içə çökük olması, dərinin quru və büzüşmüş olması, tüpürcəyin azalması, nəbzin sürətlənməsi, baş dönməsi) varsa;
- Təkrarlayan qusmalar;
- Şiddətli qarın ağrıları varsa;
- Çox halsızlıq, davamlı yuxulu vəziyyət, ətrafa reaksiyanın olmaması,xarakter dəyişiliyi;
- Nəcisdə qan görünməsi;
- Yüksək qızdırmanın olması (39 dərəcədən yuxarı);
- Sidik ifrazının nəzərə çarpacaq dərəcədə azalması və ya 6 saat daxilində sidik ifrazatının olmaması kimi vəziyyətlərdə;
- İshal 10 gündən uzun müddət davam edirsə həkimə müraciət olunmalıdır.
İshalın müalicəsi
Səbəbləri fərqli olsa ani başlanğıclı ishallarda müalicə taktikası eynidir. Əsas olaraq ishal olan körpəyə həkim məsləhəti olmadan antibiotik və ya başqa dərman vermək qəti qadağandır. Kiçik yaşlı uşaqlarda isə əgər ishalla yanaşı qusma da müşahidə edilirsə diqqətli olunmalıdır. Çünki, uşaqlarda su itkisi özünü çox kəskin klinika ilə müşahidə edilə bilinər. Orqanizmin ehtiyacı olduğu qədər su almadıqda isə tez bir zamanda şoka (hipovolemik) belə girə bilər. Xüsusən ishal başladıqda əmizdirilməsi və qidalanması azalan, maye qəbul edə bilməyən, gündə 8 dəfə və ya daha çox sulu nəcis ifrazı olan, gündə 2 dən çox qusması olan və 12 aydan kiçik olan körpələrin susuzluğa daha həssasdırlar. Əsasən ishallar 3-7 gün davam edir. 10 günü keçən ishallar infeksiyalar, həzm pozğunluqları, genetik xəstəliklər, qida allergiyaları kimi fərqli səbəblərə bağlı ola bilər. Ona görə də 10 günü keçən ishallarda mütləq həkimə müraciət edilməlidir. Ağızdan qidalana bilməməyən uşaqlara sistem edilə bilinər. Virus mənşəli ishallarda antibiotik heç bir təsiri olmayacaqdır. Ona görədə səbəb müəyyən edilməmiş müalicəyə başlamaq düzgün deyildir. Probiotiklər ishalda istifadə olunur, amma ishalın davametmə müddətini qısaltmır.
İshalı olan uşaq necə qidalandırılmalıdır?
- Ana südü alan körpələrdə əmizdirmə tez-tez edilməli və ana südünə davam edilməlidir.
- Ana südü almayan körpələrdə isə həmişə yediyi sünii qidanı daha tez- tez verilməli və davam edilməlidir.
- 6 aydan böyük və qatı qida alan uşaqlara əlavə olaraq yağsız suplar verilə bilinər.
- Qatıq, yaxşı bişirilmiş ət və ya balıq, kartof püresi, düyü həlimi,yüksək kaloriya və zülal tərkibində olan qidalar, təzə meyvə şirəsi (alma şirə, üzüm şirə istisna edilir) və banan (kaliumdan zəngin qida) daha üstünlük verilir.
- Uşaq hər 3-4 saatdan bir yedizdirilməlidir. Az-az və tez-tez yedizdirilməlidir. Bir anda çox yedizdirmək daha da vəziyyəti gərginləşdirə bilər.
- İshal dayandıqdan sonra belə bir müddət yeməklər diqqət edilməlidir.
İshalı olan uşaqda günlük kalori ehtiyacı və maye tələbatı ödənilməlidir. 6 aydan kiçik uşaqlar tez- tez əmizdirilməlidir. Böyük uşaqlara isə yağsız suplar, düyü həlimi və qaynadılmış ilıq su, şəkərli çay verilərək kalori və maye ehtiyacı ödənilməlidir.
Nə qədər maye verilməlidir?
Uşaqlarda ishal zamanı çox diqqətli olunmalıdır. Çünki, diqqətsizlik nəticəsində uşaqda su – duz mübadiləsi pozula bilinər, onda uşaq şoka girər və hətta uşaq itiriə bilinər.
Hər sulu ifrazatdan sonra
- 2 yaşdan aşağı uşaqlarda 50-100 ml maye (1/2- 1 çay stəkanı)
- 2 yaşdan böyük 100-200 ml maye ( ½- 1 su stəkanı)
- Böyük uşaqlarda isə işə bildiyi qədər maye verilməlidir.
Əgər uşaqda qusma da yanaşı əlamət kimi görülürsə onda mayeni 5 dəq dən bir qaşıqla və ya qurtum- qurtum verilməlidir. Qısa müddət ərzində çoxlu maye verilməsi və ya qidalanmaya məcbur edilərsə uşaqda qusma ehtimalı artacaqdır. Adi təmiz su orqanizmin maye tələbatını ödəyə bilər amma elektrolit balansını düzətməyəcəkdir. Ona görə verəcəyimiz maye nin elektrolitlərlə zəngin olmasına çalışmalıyıq. Bunun üçün mayenin yanında kaliumla zəngin olan banan və ya meyvə şirələri (alma və üzüm meyvə şirəsi istisna edilərək çünki onlar vəziyyəti daha da ağırlaşdıra bilər), suplar verilə bilər.
İshaldan necə qorunmaq lazımdır?
- Əllər tez-tez yuyulmalıdır. (30 san ərzində sabunla yuyulmalıdır, dırnaq içləri, barmaq araları və əl biləkləri daxildir)
- Diqqətli olunmalı və sonrasında əllər yuyulmalıdır.
- Həmçinin bişməmiş ətə toxunduqdan sonra, tualet istifadəsindən və pampers dəyişdikdən, asqırdıqdan, öskürdükdən və burnu sildikdən sonra əllər yuyulmalıdır.
- Əgər əl yumaq mümkün deyilsə 70% spirtlə və ya dezenfektant istifadə olunmalıdır.
- Təmizliyindən əmin olmadığınız sular istifadə olunmamalıdır.
- Çiy yeyilən qidalar diqqətli yuyulmalıdır.
- Uşaqlarda viral ishalın əsas səbəbi olan rotavirusa qarşı peyvəndlər vardır. Bu peyvəndləri olaraq uşaq rotavirus infeksiyasına qarşı olan ishaldan qoruna bilər.
- İshal dövründə uşağın məktəbə getməməsi və digər uşaqlarla kontakta olmaması məsləhət görülür.
Həkim Nərmin Əzizova, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya şöbəsinin həkim-neonatoloqu