"İnfeksion xəstəliklər barədə əhali arasında maarifləndirmə tədbirlərinin təşkili" layihəsi başa çatıb

Bakı, 26 aprel, AZƏRTAC

“İnfeksion xəstəliklər barədə əhali arasında maarifləndirmə tədbirlərinin təşkili” layihəsi başa çatıb. Layihə çərçivəsində infeksion xəstəliklər, onlara yoluxma halları, əlamətləri, bu xəstəliklərə qarşı mübarizə tədbirləri və profilaktikası haqqında təlimlər keçirilib. Mingəçevir şəhərinin müxtəlif hissələrində əhali arasında maarifləndirici bukletlərin paylanılması üzrə aksiyalar təşkil olunub, həmçinin “Qorumağa özümüzdən başlayaq!” adlı məlumatlandırıcı sosial çarx çəkilib və sosial şəbəkələr üzərindən cəmiyyətə çatdırılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AZƏRTAC-a bildirilib ki, “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi infeksion xəstəliklər, onlara yoluxma halları, əlamətləri, onlara qarşı mübarizə tədbirləri və profilaktikası haqqında əhalinin məlumatlandırılmasıdır. Layihə çərçivəsində cəmiyyət üzvlərinin, xüsusilə də gənclərin bu sahədə maarifləndirilməsi, layihə iştirakçılarının birbaşa, digər şəxslərin isə dolayı yolla məlumatlandırılması sağlam gəncliyin və sağlam cəmiyyətin formalaşmasına təsir edəcək.