IDEA "Eko-skaut" layihəsi uğurla davam edir (FOTO)
IDEA İctimai Birliyinin təşəbbüsü ilə start verilən və gənclərin böyük marağına səbəb olan “Eko-skaut” layihəsi uğurla davam edir.
IDEA-dan Trend-ə verilən məlumata görə, qısa müddət ərzində sayları 150-yə çatan IDEA eko-skautlarının yeni üzvləri ilə 25 yanvar tarixində IDEA-nın Zirə Mədəniyyət Mərkəzində yerləşən Resurs Mərkəzində görüş keçirilib.
Qeyd edək ki, sözügedən layihəyə ötən ilin mart ayında start verilib. Layihənin məqsədi gəncləri təbiətin mühafizəsinə cəlb etmək, onları təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadəyə təşviq etmək, canlı aləmi dərindən öyrənməyə və qorumağa, eləcə də cəmiyyətdə faydalı ekoloji işlərlə məşğul olmağa sövq etməkdən ibarətdir.
IDEA eko-skaut layihəsi gənclərə planetimiz üçün təhlükə yaradan ekoloji problemləri dərk etmək və bu problemlərin həllinə digərlərini də cəlb etməklə, bu ictimai hərəkatda iştirak etmək və onun lideri olmaq imkanı yaradır.
Layihəyə qoşulmaq üçün müraciət edən 30 nəfərə yaxın gəncə üzvlük kartı və IDEA tərəfindən xüsusi olaraq hazırlanmış papaq, bel çantası, döş nişanı verilib. Yeni qoşulan üzvlər “Gənc ekoloq” statusu altında ətraf mühitə faydalı işlərlə məşğul olaraq ballar yığıb statuslarını artırmaq imkanı əldə edəcəklər. Kifayət qədər bal toplayan eko-skautlar ən yüksək mərhələyə keçmiş sayılacaq və onlara IDEA tərəfindən sertifikat və qiymətli hədiyyələr təqdim olunacaq.
Görüşün sonunda IDEA eko-skaut layihəsinə qoşulmaq üçün könüllü olaraq müraciət etmiş yeni üzvlər birgə “eko-skaut andı” içiblər.
IDEA eko-skaut layihəsi haqqında, o cümlədən qeydiyyat, üzvlük qaydaları, balların toplanması və s. ilə bağlı ətraflı məlumat üçün: http://www.ideacampaign.org/ecoscout/, tel.: 012 497 6316
Trend