Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alan uşaqları ziyarət edib
Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alan uşaqları ziyarət edib, onların səhhəti, müalicələrinin gedişi ilə maraqlanıb.
AZƏRTAC xəbər verir ki, görüş zamanı “Cırtdan. Novruz macərası” adlı ailəvi meqaşoudan əldə edilən vəsaitlə Milli Onkologiya Mərkəzinin uşaq şöbəsinə uşaqların müalicəsi üçün lazım olan dərman preparatları, eyni zamanda, burada müalicə alan uşaqların əylənməsi üçün xüsusi kompüter oyunları, müxtəlif oyuncaqlar və hədiyyələr təqdim edilib.
Əyləncəli tədbir uşaqların böyük sevinci ilə qarşılanıb və onların əhval-ruhiyyəsinə müsbət təsir edib.
“Cırtdan nağıllar aləmində” adlı ailəvi meqaşou ilk dəfə 2018-ci ilin dekabrında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Konqres Mərkəzində təşkil edilib. Bu təşəbbüs gələcəyimiz olan uşaqların milli ruhda böyüməsi, eyni zamanda, onların bəşəri dəyərlərə hörmət ruhunda tərbiyə almasına mühüm töhfələr verir. Həmçinin xeyriyyə xarakteri daşıyan layihədən əldə edilən gəlir xüsusi qayğıya ehtiyacı olan insanların, o cümlədən uşaqların sağlamlığının bərpa və təmin olunmasına yönləndirilir. Qeyd edək ki, cari ilin fevral ayında şoudan əldə olunan 397 min manat məbləğində gəlir uşaqların müalicəsi məqsədilə Talassemiya Mərkəzinə təqdim edilib.