Əcnəbi vətəndaşların Azərbaycan Tibb Universitetinin hazırlıq kursuna qəbulu “Skype”la aparılır
Yeni tədris ilində Azərbaycan Tibb Universitetinin (ATU) hazırlıq kursuna qeydiyyat yeni formada-elektron qaydada aparılır. ATU-nun Böyük Elmi Şurasının qərarına əsasən, 2018-2019-cu tədris ilindən etibarən universitetə əcnəbi vətəndaşların qəbulu zamanı yalnız bu sistemdən istifadə olunacaq.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırlıq kurslarına elektron qəbulu təmin etmək məqsədilə ali təhsil ocağının saytında xüsusi səhifə yaradılıb. Əcnəbi vətəndaşların müraciətlərinə məhz bu səhifə üzərindən baxılır. Bunun üçün lazımi sənədlərin elektron variantı portala yüklənilir. Sənədlər yoxlanıldıqdan sonra qəbul edilir. Növbəti mərhələdə namizədlərlə “Skype” bağlantısı vasitəsilə müsahibə aparılır.
Artıq Türkiyə, İran, İraq, Yəmən vətəndaşları ilə “Skype” üzərindən müsahibələr təşkil edilib. ATU-nun rektoru professor Gəray Gəraybəyli də prosesin təşkili ilə tanış olub, müsahibənin gedişini izləyib, prosedurun daha da təkmilləşdirilməsi üçün təkliflərini verib.
ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalovun sözlərinə görə, müsahibə zamanı universitetin tələbəsi olmaq istəyənlərin bilik səviyyəsi dəyərləndirilir: “İntervyu 8 nəfərdən ibarət komissiya tərəfindən həyata keçirilir. Bu zaman namizədlərə həm ümumi suallar, həm də fənn sualları verilir. Hər bir namizədə cavablarına uyğun olaraq ballar yazılır. Əgər namizədin topladığı bal keçid balından yuxarıdırsa, onda onların ATU-nun hazırlıq kursuna qəbulu üçün müraciətləri təmin edilir”.
8-10 dəqiqə davam edən müsahibə komissiyasının tərkibinə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov, rektorun müşaviri Zülfüqar Musabəyov, ümumi işlər üzrə prorektoru Natiq Xəlilov, xarici tələbələrlə iş üzrə dekanı Orxan İsayev və fənn üzrə müəllimlər daxildir.
Universitetin hazırlıq kursuna qəbul edilmiş əcnəbi vətəndaşlara tələbə vizası almaq üçün müvafiq sənədlər göndərilir. Sənədləşmə işləri başa çatdıqdan sonra bu şəxslər respublikamızın miqrasiya qanunvericiliyinə uyğun qaydada tələbə vizası ilə təmin olunub ali təhsil müəssisəsinin hazırlıq kursuna qatıla biləcəklər.
Qeyd edək ki, gələn ildən etibarən ATU-nun hazırlıq kurslarına ildə 2 dəfə – aprel-may və oktyabr-noyabr aylarında qəbul aparılacaq. Bu, həm əcnəbi vətəndaşların universitetimizə cəlb olunmasına, həm də dərs prosesinin təşkil olunmasına imkan verəcək.