COVID19 virusu bəşəriyyətin düşmənidir
Bakı, 12 fevral, AZƏRTAC
Koronavirus hətta yeni COVID19 adı ilə də köhnə əməlindən əl çəkmir. AZƏRTAC “Euronews” kanalına istinadla xəbər verir ki, çərşənbə gününün məlumatına görə, bir gün ərzində bu virusdan təqribən 100 adam ölüb, təkcə Çində xəstələnənlərin sayı 44,5 mini ötüb, yenidən yoluxanların sayı 2 min nəfər artıb.
Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru Tedros Adhanom Hebreyesusun sözlərinə görə, “indiki epidemiyanın nəticələri terror aktı ilə müqayisədə daha ciddi ola bilər”. O deyib: “Əgər bu gün bütün ölkələr tədbir görməsələr və COVID19 virusunu cəmiyyətə bir nömrəli təhlükə hesab etməsələr, onda mən bəşəriyyətin ibrət dərsi götürdüyünə şübhə ilə yanaşacağam”.
Baş direktor DST-nin Cenevrədəki qərargahındakı brifinqdə koronavirusun yeni adını şərh edərək deyib: “Biz elə ad tapmalı idik ki, bu adın birbaşa coğrafi konnotasiyaları və ya heyvanla bağlı referensiyaları olmamalı, asan tələffüz edilməli, xəstəliyin törədicisini elmi terminologiya nöqteyi-nəzərindən dəqiq göstərməli idi”.