19 Dekabr 2020

2 yaş sindromu nədir?

İnkişaf mərhələləri arasında olan 2 yaş sindromu uşaqların körpəlikdən çıxdığı fərd (şəxsiyyət) kimi özünü ətrafa sübut etməyə çalışdığı dövrdür.

2 yaş sindromu əsasən uşaqların 1.5-3 yaş (18 -36 aylar) arasında müşahidə edilir. Bu dövr uşaq psixologiyasında əsas yeri tutur və valideynlər bu dövrdə uşaqlarla münasibət qurmaqda çətinlik çəkirlər. Bu dövrə qədər valideynlərdən və ətrafındakı yaxınlarından “asılı olan” uşaq artıq öz istədiyi kimi hərəkət etməyə çalışır. Xüsusən gəzməyə və danışmağa yeni başlayan uşaq bu dövrdə artıq özünü sərbəst fərd kimi hiss edir. Uşaq artıq heç kimdən asılı olmadan – müstəqil hərəkət edə biləcəyini və fikrini bildirə biləcəyini başa düşür. O, artıq ətraf mühiti kəşf etmək üçün can atır və maraqlı “yeni kəşf”lərin izindədir.

 

2 yaş dövrü ana ilə uşağı arasında mübahisələrin başlandığı dövr hesab edilir. Fərdi hərəkət edə biləcəyini başa düşən uşaq, valideynlərin köməyi olmadan bunu həyata keçirə biləcəyini düşünsə də, eyni zamanda onların “dəstəyi”nə ehtiyac olduğunu da anlayır. Ona görə 2-3 yaş dövrü uşaqlarında hər istədiyini yerinə yetirmək, çox ağlamaq, inad etmək, narahatlıq,özlərini yerə atmaq, yaxınlarını və ətrafdakıları vurma, qışqırma, əşyaları atma, istəklərini valideynləri məcbur edərək  həyata keçirmək kimi hərəkətlər müşahidə edilir. Çox vaxt bu dövrdə valideynlərin əmirlərinin əksini etməyi çalışırlar. Uşaqların hərəktlərinə cavab olaraq aqressiv hərəkətlərin edilməsi bu problemi daha da dərinləşdirəcəkdir.

 

Ona görə də valideynlər uşaqlarının “2 yaş sindromu”nu – psixologiyasını yaxşı bilməli və uşaqlarının hərəkətlərini düzgün qiymətləndirməlidirlər. Əks halda bu həm uşağın, həm də valideynlərin psixologiyasına mənfi təsir edə bilər.

Qeyd edilməlidir ki, təbii ehtiyaclarını istədiyi vaxt yerinə yetirməyi (tualet təlimi) öyrənən uşaq özünü daha güclü və müstəqil hiss etməyə başlayır. Bəzən uşaqları onların alt paltarının çirkli olması belə narahat etməyə bilər. Hətta bəzi hallarda sidiyin, nəcisin istiliyi, qoxusu onlarda müsbət hiss oyada bilər. Tualet təliminə hazır olmayan bir uşağa valideynlər tərəfindən məcbur edilməsi uşaq psixologiyasına çox mənfi təsir göstərə bilər.

Pediatriya.az saytından “tualet təlimi” mövzusuna daxil olaraq bu barədə daha ətraflı məlumat ala bilərsiniz. https://pediatriya.az/usaqlarda-tualet-telimi/

 

“2 yaş sindromu”nun ən böyük problemlərindən biri də uşaqların qidalanmasıdır. Məcbur edərək uşağı yedizdirmək, özünün müstəqil yeməsinə icazə verməmək kimi hallar uşağın fərdiləşməsinə mənfi təsir göstərir. Bu vəziyyətdə uşaqlar inadkarlıq göstərərək yeməyini qaytara və yeməkdən imtina edə bilərlər. Bu kimi halların qarşısını almaq üçün uşaq ac olduqda, yemək qabını onun qarşısına qoymaq və müstəqil qida qəbul etməsinə şərait yaratmaq məsləhətdir. Ən düzgün metod BLW metodudur. Bu metod barəsində Pediatriya.az saytında geniş məqalə vardır.

 

Uşaqlarda “2 yaş sindromu”nda ən çox rast gəlinən tipik davranışlar aşağıdakılardır:

  1. İnadkarlıq göstərmək;
  2. İstədiklərini ağlayaraq valideynlərə məcburən etdirmək;
  3. İştahın azalması, yuxu rejiminin pozulması;
  4. Əlindəki oyuncaqları və əşyaları yerə atmaq;
  5. Tez-tez “yox” sözündən istifadə etmək;
  6. Ailə üzvlərini və ətrafında olan insanları vurmaq;
  7. Özünə xəsarət yetirmək və sair.

Əgər uşaq:

enerjisini sərf edə biləcəyi oyunlarla məşğul olmursa;

qidalanma və tualet təlimini öyrənmək istəmirsə;

valideynlər tərəfindən tez-tez iradlar eşidərsə;

bacı-qardaşlarını qısqanırsa;

ailədə uşağa da təsir göstərə biləcək problemlər varsa;

valideynləri tərəfindən lazımi qayğı görmürsə, “2 yaş sindromu” onlarda çətin keçəcəkdir.

 

Valideynlər “2 yaş sindromu”nu keçirən uşaqların psixologiyasını düzgün ifadə etsələr bu dövr onların həm özləri, həm də övladları üçün asan keçəcəkdir.

 

Bu dövrdə valideynlər tərəfindən uşaqları ilə davranış zamanı aşağıda qeyd edilən ümumi qəbul edilmiş qaydalara riayət etmələri məqsədəuyğundur:

  • Bu dövrün psixoloji baxımdan çox vacib mərhələ və normal (adi) bir vəziyyət olduğunu anlayın;
  • Uşaqlarınıza sərt “qayda-qanun” qoymayın, onunla inadlaşmaqdan uzaq durun;
  • Uşaqlarınızın ağlayaraq və inadkarlıq göstərərək öz istəklərinə nail olmasının qarşısını almağa çalışın. Ağlayan uşağın sakitləşməsini gözləyin və daha sonra uşağa “onun dilində” hansı səbəbdən onun istəyini yerinə yetirmək istəmədiyinizi izah etməyə çalışın;
  • Uşağın üstünə qışqırmaq, onu cəzalandırmaq, vurmaq qətiyyən qadağandır;
  • Uşağınız Sizinlə inadlaşarkən onun marağını, davranışını başqa yerə istiqamətləndirin;
  • Uşağın tualet təlimi üçün uyğun vaxtı seçin. Uşaq bunu söz olaraq ya da hərəkətləri ilə ifadə edirsə deməli ən uyğun dövrdür. Sırf “vaxtıdır, öyrənməlidir” deyib uşağın hazır olmadığı dövrdə tualet təliminə başlamaq ən böyük səhvlərdən biridir;
  • 2-3 yaş dövrü uşaqların ən çox sual vermə dövrüdür. “Bu nədir?” “Niyə?” “Nə üçün?” suallarını sizə heç dayanmadan verə  bilərlər. Nə qədər yorğun, işləriniz çox olsa da belə uşağınızın suallarını cavablandırmağa çalışın;
  • Bu dövrdə uşaqlar bir çox şeylərdən (qaranlıq, heyvanlar, ildırım və sair) qorxa bilər. Onlara “qorxmağa əsas yoxdur” deməyin yerinə “mən sənin yanındayam və səni qoruyuram” deyin.
  • Uşaqlarınıza “yıxılarsan”, “xəstələnərsən” və s. kimi ifadələr işlədərək onun gələcəkdə daha cəsarətsiz və özünə inamsız böyüməsinə səbəbkar ola bilərsiz. Ona görə də uşaqla danışdıqda seçdiyiniz sözlərə diqqətə göstərməyə çalışın.
  • Uşaqlarınıza “olmaz”, “yox”, “qadağan edirəm” kimi sözlərin yerinə misal üçün “bu gün havanın soyuq olması səbəbindən otağında oyuncaqlarınla oynamağın daha uyğundur” kimi ifadələr işlədin.

Əsasən 2  yaş sindromu 3-3.5 yaş arası dövürdə bitməsi müşahidə edilir. Uşağın zehni və hissi inkişafı kifayət qədər yetkinləşdikdən sonra tamamlanır. Aqressiv olma, ağlama və hər şeyə əks yanaşma dövrü bitir. Bu dövr ailələr tərəfindən ilk yeniyetməlik dövrü kimi izah edilir.

 

Xülasə, bu dövrün müvəqqəti xarakter daşıdığını, lakin uşağınız üçün vacib dövr olduğunu anlamağınızı və səbirli olmağınızı tövsiyyə edirik. Valideyn olaraq bu dövrdə çətinlik çəksəniz uşaq psixoloqların köməyindən də istifadə etməyiniz məqsədəuyğundur.

Dr. Nərmin Əzizova

Phd. Uzman Dr. Əli Quliyev

11 Yanvar 2021
Uşaqlarda limfa vəzilərin böyüməsi valideynləri çox narahat edən mövzulardan biridir. Limfa vəziləri nədir? Limfa vəziləri…
28 Dekabr 2020
Probiyotiklər- sağlamlıq üçün faydalı olan “dost bakteriyalar” olub, mədə- bağırsaq florasının təbii balansının qorunmasında  rol…
12 Dekabr 2020
Uşağınız bəzən həqiqəti gizlətmək üçün qarşı tərəfi aldadır və yalan danışır. İnsanların yalan danışmaqda əsas…