12 Dekabr 2020

Uşaqlar niyə yalan danışır?

Uşağınız bəzən həqiqəti gizlətmək üçün qarşı tərəfi aldar və yalan danışır. İnsanların yalan danışmaqda əsas məqsədi ya cəzadan qaçmaq, ya da qazanc (maddi və ya mənəvi: maraq, sevgi, sosial status və s.) əldə etməkdir. Uşaqların 96%-si valideynlərinə yalan danışır.

Həyatın ilk 5 ilində uşaqlar həqiqət ilə xəyallarını ayırd etməyi bacarmırlar. Məsələn: 3 yaşında olan uşaq xəyalını həqiqi olmuş hadisə kimi danışa bilər. Ümumiyyətlə uşaqlar 3 yaşına qədər düşüncələrinin başqalarından fərqləndiyini bilmirlər. Yəni uşaq nə düşünürsə ətrafındakıların da onunla eyni düşündüyünü fikirləşir. Amma 4 yaşından sonra uşaq düşüncələrinin ətrafdan fərqli olduğunu başa düşür. Yəni, özü demədikcə insanlar onun nə fikirləşdiyini və nə etdiyini bilmirlər. Beləliklə, yalan danışmaq formalaşır.

Bu vəziyyət uşağın inkişaf dövrünə tamamilə uyğundur.  Əsasən məktəbəqədərki dövrdə uşaqlar özlərinə qarşı maraq yaratmaq üçün  yalandan istifadə edirlər. Bu dövrdə uşağın əsas məqsədi aldatmaq deyil, sadəcə maraq yaratmaqdan ibarətdir. Beləliklə, valideynlər bu dövrdə uşaqlarının hisslərini və fikirlərini başa düşməli və onlara qarşı qayğılı olmalıdır. Belə olduqda uşaqların yalan istifadəsinə qarşı olan ehtiyacları azalacaqdır. 

Xüsusən çox cəzadan istifadə edən, uşağın maraqlarına qarşı məhdudiyyətlər qoyan, fiziki təzyiq görən, təhdidlər istifadə edilən, qısqanclıq hissi yaradılan və ya başqa uşaqlarla müqayisə edilən ailələrdə böyüyən uşaqlar, elədiyi işi ya düz etmədikdə və ya tam bitirmədikdə cəza almaq qorxusundan yalan danışır. Məsələn: 10 yaşındakı stəkan sındırmış qızına hirslə “Bu stəkanı sən sındırdın?” deyə valideyn soruşursa uşaq özünü müdafiə üçün “Yox, mən sındırmamışam “ deyəcəkdir. Özünə inamı aşağı olan və ya sosial mühitdə özünü dəyərsiz hiss edən uşaqlarda özlərini sevdirmək, bəyəndirmək üçün yalandan tez-tez istifadə edə bilərlər. Bəzən uşaqlardan “Niyə yalan danışdın?” deyə soruşduqda “Cəza almamaq üçün” deyə cavab verir. Amma bəzən cəzanı aradan götürməklə də yalan danışmağın qarşısını almaq olmur. “Düzünü de! Hirslənməyəcəm, vurmayacam” bu ifadələrdə düzün danışmağa zəmin vermir.

10-12 yaşdan etibarən uşaqlar qanunun nə məqsədlə qoyulduğunu başa düşürlər. Ona görə bu yaşdan etibarən yalan danışmağın səbəbləri fərqli ola bilər: Belə ki, başqalarını qorumaq, özünü yaxşı göstərmək, mədəni olmaq və dostlarla münasibəti qorumaq məqsədi üçün də ola bilər.

Valideynlər bu halda ilkin olaraq özlərində günah axtarmalı və hərəkətlərinə diqqət etməlidirlər. Həqiqəti dedizdirmək üçün uşağa hədiyyə vermək və ya cəza tətbiq etmək lazım deyil. Xüsusən bəzən uşağı özümüzdə yalan danışmağa təşviq etməməliyik. Uşağa qarşı kifayət qədər maraq göstərməmək, davamlı olaraq danlamaq, həddindən artıq hərəkətlərə reaksiya vermək, təzyiq göstərmək onda özünü mdafiə etmək üçün yalan danışmağa sövq edir. Əgər ailə bu hərəkətləri hiss edib qarşısını almasa uşaq yalan deməyə davam edəcəkdir. Uşağınız sosiallaşmalı və dostluğun, kollektivin əhəmiyyəti onlara vurğulanmalıdır. Yalan danışmağın daimi hal almaması üçün uşağınızın niyə yalan danışdığını bilməli səbəblərini araşdırmalısınız. Valideyn olaraq çox qanun qoymağa meyilli olmayın. Ona yalan danışmağa imkan verməyin. Əgər uşaq yalan danışırsa ona bunu başa düşdüyünüzü bildirməyin.

Yalan danışan uşağın düzü dedikdə belə ailənin münasibəti dəyişməyəcəyini bilməlidir. Burada əsas məqsəd uşaqla ailə arasında etibarlılıq və dürüstlülük münasibətidir. Hətta belə bir ifadə vardır: uşağınıza yalan danışma deməyin. Düzünü danış deyin. Birincisində uşaq özünü təqsirləndirilmiş hiss edəcəkdir, ikincisində də Siz övladınıza yol göstərmiş olacaqsız. Yalan danışmayan uşaq özünə qarşı inamlı, milli, mənəvi və əxlaqi dəyərləri tam dərk etmiş şəxsiyyətdir.

Mütəxəssis pediatr Dr.Nərmin Əzizova

11 Yanvar 2021
Uşaqlarda limfa vəzilərin böyüməsi valideynləri çox narahat edən mövzulardan biridir. Limfa vəziləri nədir? Limfa vəziləri…
28 Dekabr 2020
Probiyotiklər- sağlamlıq üçün faydalı olan “dost bakteriyalar” olub, mədə- bağırsaq florasının təbii balansının qorunmasında  rol…
19 Dekabr 2020
İnkişaf mərhələləri arasında olan 2 yaş sindromu uşaqların körpəlikdən çıxdığı fərd (şəxsiyyət) kimi özünü ətrafa…