Zəfər Gününə həsr olunmuş “Bakı–Naxçıvan Neonatologiya məktəbi” öz işinə başlayıb
05 noyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Naxçıvan Səhiyyə Nazirliyinin və K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Neonatal cərrahiyyə və yenidoğulmuşlarda kritik vəziyyətlərin idarə olunması” mövzusunda “Bakı–Naxçıvan Neonatologiya məktəbi” öz işinə başlayıb.
Hibrid formatda keçirilən tədbirdə 260-dan çox tibb mütəxəssisi iştirak edir. Açılış mərasimində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra institutun direktoru, dosent Aynur Poluxova və Naxçıvan Səhiyyə Nazirliyinin nümayəndəsi Samrat Gənciyeva çıxış edərək tədbirin elmi-praktik əhəmiyyətini və Bakı–Naxçıvan arasında peşəkar əməkdaşlığın inkişafındakı rolunu vurğulayıblar.
Tədbir çərçivəsində Pediatriya.az portalının təsisçisi, həkim Nərmin Əzizova “Neonatal pnevmoniyalar: klinik xüsusiyyətlər, diaqnostika və müasir müalicə yanaşmaları” mövzusunda məruzə ilə çıxış edib.
İki gün davam edəcək elmi-praktik tədbirdə neonatologiya, neonatal reanimasiya və intensiv terapiya, neonatal cərrahiyyə, vaxtından əvvəl doğulanların retinopatiyası və digər aktual mövzular üzrə məruzələr təqdim olunur, müasir diaqnostika və müalicə yanaşmaları müzakirə edilir.
Qeyd edək ki, “Bakı–Naxçıvan Neonatologiya məktəbi” Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 9 DTT kredit balı ilə qiymətləndirilib.
Elmi-praktik tədbir sabah, 06 noyabr tarixində öz işini davam etdirəcəkdir.







