Yenidoğulan körpə barədə: sual və cavablar. Həkim Nərmin Əzizova

1. Körpəmdəki qırmızı səpkilər normaldır?

Bəli, həyatının ilk günlərində bir çox körpənin gövdəsində və üzündə qızarıq sahələr, bunların üzərində isə yüngül sarımtıl rəngdə sızanağa oxşayan dəri səpkiləri ola bilər. Fizioloji olan bu səpkilərə “Toksik eritem” adı verilir. Tam sağlam uşaqlarda da müşahidə olunan və bir neçə gün ərzində özündən keçən səpki növüdür.

2. Körpəmin döş qəfəsində olan süd vəzi şişkinliklərinin olması normaldır?

Yenidoğulan körpənin anasının südünü əmməsi nəticəsində, anadan keçən hormonların təsiri ilə körpənin süd vəzilərində şişkinlik, sərtlik və süd gəlməsi ola bilər. Bu vəziyyət xüsusilə ana qarnında normadan daha uzun müddət (40 həftədən çox) qalan uşaqlarda rast gəlinir. Bəzən analar körpənin süd vəzilərini və sinəsini masaj edərək bunun aradan qalxmasına çalışırlar. Bu çox səhv addımdır. Körpənin sinəsinə olunan masaj şişkinliyi aradan qaldırmır, əksinə olaraq irinləməyə və körpənin dərisinin zədələnməsinə səbəb ola bilər. Hətta nəticə olaraq bu hal absesə səbəb ola bilər. Qətiyyən belə metodlardan istifadə etmək olmaz.

Bəs körpənin süd vəzilərində şişkinlik necə keçər?

Bir qayda olaraq süd vəzilərində şişkinlik özündən yavaş-yavaş çəkilərək keçib gedir. Əslində bu vəziyyət körpəni heç narahat da etmir. Yenidoğulan körpənin 90%-də bu hala rast gəlinir. Bu hal valideynləri narahat edirsə və yuxarıda qeyd olunanlardan əlavə hər hansı hal müşahidə olunursa müayinə olunması üçün həkimə müraciət etmək lazımdır.

3. Körpəmin belində və sarğı (yan) nahiyyəsində göy-bənövşəyi rəngli sahələr vardır. Bu normaldır?

Bəli, xüsusən körpənin sarğı (yan) və bel nahiyyəsində göy-bənövşəyi dəyişikliklər normal dəri əlamətləridir. Bunlara “Monqol ləkəsi” adı verilir. Bu tam normal bir hal olub, sizi qorxuzmasın. Nadir hallarda olsa da qarın, qol və ayaqda da ola bilər. Körpələrdə bu ləkələr bir çox hallarda təqribi olaraq 1 yaşında itir.

4. Körpəmin tez-tez diksinməsi normaldır?

Bəli, bu böyüklərdə də çox müşahidə olunur. Xüsusən yuxuya gedərkən bu baş verir. Buna “Yuxu miokloniyası” deyilir. Beynin yuxuya keçiş dövründə bədənin kontrolu aradan qalxması ilə ortalığa çıxan fizioloji bir vəziyyətdir. Körpələrdə isə beyin bədən hərəkətləri üzərində çox təsirli olmadığı üçün miokloniyaya çox rast gəlinir. Hətta yuxu dövründə qəfil olan diksinmə ilə körpə ağlamağa başlayır. Bəzi valideynlər bu vəziyyətdən çox narahat qalırlar, amma nəzərə alsınlar ki, bu normal bir vəziyyət hesab olunur.

5. Körpəmin doyduğunu necə bilim?

Bunun dəqiq bir ölçüsü yoxdur. Körpəniz öz dilində əmmə tərzini və gücünü dəyişdirərək “Mən doymuşam” deyə doyduğunu bizə bildirir. Körpənizin qidalanmasını saata baxaraq nizamlamağa çalışsanız onda qidalanmada problemləri ilə üzləşə bilərsiniz. Analıq hisslərinizə inanın və körpənizin ac olduğunu hiss etdiyinizdə qidalandırın və əmzidirmə müddətini “doyana qədər” davam etdirin. Özünüzü və körpənizi “dəqiq müəyyən olunmuş vaxtda və miqdarda” qidalandırmağınızı nizama salmaqdan uzaq durmağınız və bu məsələni bir qədər rahat buraxmağınız tövsiyə olunur. Xüsusilə qeyd etmək istərdik ki, bu hal yalnız normal vaxtda anadan olmuş və səhhətində hər hansı problemin olmadığı körpələrə şamil edilir. Körpəniz vaxtından qabaq doğulubsa və ya səhhətində hər hansı narahatçılıq vardırsa körpənizin qidalandırılması ilə bağlı pediatr ilə konsultasiya etməyiniz məsləhət görülür.

  1. Körpəmin başının bədəninə görə böyük olması normal haldır?

Ana bətnində olarkən gövdəyə görə uşağın başının böyüməsi çox daha sürətlidir. Yəni yeni doğulanlarda beynin böyüməsinin böyük qismi bitmişdir. Sağlam körpənin bütün bədənin ¼ hissəsini onun başı təşkil edir, böyüklərdə isə bu 1/8-ə qədər enir.

7. Körpəmin yuxu rejimi necə olmalıdır?

Bu barədə Pediatriya.az saytında “1 aylıq körpənin inkişafı və xüsusiyyətləri” başlığı altında yerləşdirilmiş məqaləni oxumağınız tövsiyə olunur.

  1. Göbək qulluğu necə olunmalıdır?

Bu barədə Pediatriya.az saytında “Yeni doğulanlara göbək qulluğu barədə” başlığı altında yerləşdirilmiş məqaləni oxumağınız tövsiyə olunur.

9. İlk dəfə körpəni nə vaxt çimizdirə bilərsiniz?

Bu barədə Pediatriya.az saytında “1 aylıq körpənin inkişafı və xüsusiyyətləri” başlığı altında yerləşdirilmiş məqaləni oxumağınız tövsiyə olunur.

10. Yenidoğulan körpənin otağında temperatur neçə dərəcə olmalıdır?

Temperatur aralığı 20-23 °C arası olması məsləhət görülür. Otağın çox isti olması və ya körpəni çox geyindirmək körpələr üçün təhlükəli hesab edilir. Ani körpə ölümü sindromunda rol oynayan faktorlardan biri də həddindən artıq isti mühitin olmasıdır. Ona görə temperatur aralığını 20-23 °C dərəcə arasında saxlamağa çalışmaq lazımdır.

11. Körpəm niyə görə çəp baxır?

Körpələr ilk aylarda həm dəqiq görmədikləri, həm də göz əzələlərini işlədən sinirlər tam formalaşmadığı üçün bəzən çəp baxa bilərlər. Bu vəziyyət normaldır. Amma 3-cü aydan etibarən çəplik düzəlmirsə həkimə müraciət etməyiniz tövsiyə olunur. 3-cü ayı keçmiş uşaq hələ də çəp baxırsa, təşvişə düşməyin – körpənizdə “yalançı çəplik” əlamətlərinin olması da ola bilər.

12. Körpəm məni görür?

Körpələr ilk günlərində özlərinə yaxın obyektləri kölgələr şəklində seçə bilərlər. Aparılmış fizioloji təcrübələrə əsasən körpələr ilk günlərində böyüklərin 1/20 qədər görə bilirlər. 3-4 aylıq olanda isə onların böyüklər qədər dəqiq gördükləri təsdiq olunmuşdur.

13. Körpəm niyə əllərini davamlı olaraq yumruq şəklində saxlayır?

Əllərini yumruq şəklində saxlaması körpələrin hiss etmədən etdikləri bir hərəkətdir. Bir neçə müddətdən sonra əllərini istifadəyə başladıqdan sonra bu saxlama formasını körpə itirir. İlk aylarda körpələrdə tutma refleksi olduğuna görə ovuc içinə gələn hər şeyi möhkəm tuturlar. Bu tam normal hal hesab edilir.

14. Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpələrin ana bətnində belə eşitdikləri təsdiq edilmişdir. Buna görə də hamilə olandan etibarən tez-tez körpənizlə danışın. Danışığınızı melodiya tərzində etsəniz sizi daha çox dinlədiyini görəcəksiniz.

15. Körpəm niyə görə ayaqlarını qarnına çəkərək yatır?

Körpələr daima qollarını və ayaqlarını yığaraq yatmağa meyillidirlər. Beləliklə, ana bətnindəki pozisyalarını almağa çalışırlar. Bu hərəkət beynin tam formalaşması ilə itəcəkdir.

16. Körpəm niyə ağlayır?

Bunun bir neçə əsas səbəbi ola bilər:

  • Ac ola bilər;
  • Alt paltarı (bezi) çirkli ola bilər;
  • Nədənsə və ya kimdənsə qorxa bilər;
  • Qaz sancısı ola bilər.

Bu dövrdə əsas körpəni nə narahat etdiyi öyrənilməyə çalışılmalıdır. Dəqiq bilmirsizsə, körpənizi:

  • Qucağınıza alın. Qucağa almaqla körpəni qucağa öyrəşdirmiş ya da ona pis təsir etmiş olmazsınız. Əksinə onu xoşbəxt və sevindirmiş olarsınız;
  • Ona lay-lay oxuyun;
  • Əmizdirin.

17. Yenidoğulan körpəm necə geyindirilməlidir?

Körpənin tər vəziləri hələ tam formalaşmamışdır. Ona görə də onlar tərləmirlər. Ona görə çox isti yerdə olmaq və ya qat-qat geyindirmək körpəni narahat edə bilər. Uşağınız vaxtında doğulmuş və normal çəkidədirsə, sizin geyinimizdən bir qat çox geyinməsi belə kifayətdir. Körpənin dərisinin hava ala bilməsi üçün geyimlərinin keyfiyyətli olmasına diqqət edin.

18. Körpəmin üşüdüyünü hardan bilə bilərəm?

Əsasən uşaqların əlləri və ayaqları soyuq olur. Ona görə əl-ayaq yoxlanılması ilə siz dəqiq müəyyən edə bilməzsiniz. Ancaq, körpənin boynu istidirsə deməli körpəniz üşümür.

19. Yenidoğulan körpəni nəm salfetlər ilə silə bilərəm?

Nəm salfetlərin tərkibində kimyəvi maddələr olur. Tez-tez nəm salfet istifadə olunması nəticəsində bu kimyəvi maddələr dəridə toplana bilər. Əgər nəm salfet istifadə etməli olsanız, onda istifadədən sonra körpənin dərisini su ilə yumağınız məsləhət görülür.

20. Yenidoğulan qız uşaqlarında genital nahiyyə təmizliyi necə aparılmalıdır?

Qızınızın cinsi nahiyyəsi digər yerlərdəki kimi oxşar şəkildə təmizlənmə aparılmalıdır. Burada əsas vacib məqam təmizliyi həmişə qabaqdan arxaya doğru və tək hərəkətlə aparmaqdır. Belə edərək nəcisin başqa yerlərə yayılmasının da qarşısını almış olursunuz.

 

Nərmin Əzizova, Pediatriya.az saytının təsisçisi