Yeni doğulmuş körpələrdə bağırsaq keçirməzliyi halları artıb – FOTO

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında yeni doğulmuş körpədə mürəkkəb bağırsaq əməliyyatı icra olunub.

Klinikanın mama-ginekoloqu Nigar Axundovanın sözlərinə görə, körpə ananın ikinci hamiləliyindən doğulub və keysəriyyə əməliyyatı ilə dünyaya gəlib.

“Ananın ilk uşağı doğulandan sonra tələf olub. İkinci hamiləlikdə də ana bətnində olan uşağa bağırsaq keçirməzliyi diaqnozu qoyulub. Tədris Cərrahiyyə Klinikasında aparılan müayinələr nəticəsində diaqnoz təsdiqlənib. Ana bətnində dölyanı suyun çoxluğu və uşağın qarın boşluğunda iki qaz qovurcuğundan başqa, həm də 2 havalanma görünürdü. Buna dabl-babl görüntüsü də deyilir. Bu, sonradan rentgen zamanı da aşkarlandığından, diaqnoz tam təsdiqləndi. Ona görə də ana keysəriyyə əməliyyatı olundu, körpə də elə ilk sutkasında əməliyyata alındı”.

Klinikanın baş həkimi, uşaq cərrahı Ramiz Poluxov yeni doğulmuşda onikibarmaq bağırsaq atreziyası əməliyyatını uğurla icra edib.

Həkimlər bildirib ki, son dövrlərdə yeni doğulmuşlarda bağırsaq keçirməzliyi hallarına daha çox rast gəlinir. Xəstəliyin yaranma səbəbi tam bilinmir. Bu, genetik də ola bilər, infeksiya nəticəsində yaranmış hal da ola bilər. Qeyd olunub ki, əgər bağırsaq keçirməzliyi körpənin ilk günlərində aşkarlanmasa və əməliyyat olunmasa, intoksikasiya nəticəsində ölümlə nəticələnə bilər.

e-tibb.az