Xətai rayonunda hər gün orta hesabla 200-dən çox sakin tibbi müayinədən keçir
Xətai rayonunda fəaliyyət göstərən bütün səhiyyə ocaqları ən son texnologiyalara uyğun, müasir tibbi avadanlıqlarla təchiz edilib. Xidmətin yüksək səviyyədə təşkil olunması fevralın 10-dan başlanılan sakinlərin tibbi müayinə tədbirlərinin uğurla aparılmasına imkan verir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, sakinlər 6, 7, 28 və 38 nömrəli poliklinikalarında, 22 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında və Zığ Sağlamlıq Mərkəzində tibbin müxtəlif sahələri üzrə rentgen, ultrasəs müayinəsi, stomatoloq, terapiya və digər növ müayinələrdən keçirlər. Müayinələr nəticəsində xəstəlik aşkar olunan rayon sakinləri ambulator və stasionar müalicə xidmətləri alırlar.
Aksiya çərçivəsində yüksək ixtisaslı tibb mütəxəssislərindən ibarət həkim briqadaları sağlamlıq vəziyyəti müayinəyə gəlməyə imkan verməyən sakinlərin yaşadıqları evlərə, eləcə də təşkilat və müəssisələrə üz tutaraq onlara səyyar xidmət göstərir.
Hər gün orta hesabla 200-dən çox rayon sakininin sağlamlıq vəziyyəti öyrənilir. İndiyədək minlərlə sakin tibbi müayinədən keçib.