Tibb Universitetində sinir-əzələ sisteminin irsi xəstəlikləri müzakirə edilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında həkim-rezidentlərin seminarı keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, seminarda çıxış edən klinikanın direktor müavini Adil Nuriyev həkim-rezidentlərə keçirilən tədbirin elmi əhəmiyyətindən danışıb, onlara öz tövsiyələrini verib.

Sonra nevrologiya şöbəsinin həkim-rezidenti Aytən Mürsəlova “Sinir-əzələ sisteminin irsi xəstəliklərinin klinik differensiasiyası” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, bura üç qrup xəstəlik daxildir: “Bunlar irsi miopatiyalar, spinal amiotrofiyalar və nevral amiotrofiyalardır. Bu xəstəliklərin hər biri mexanizmlərinə görə bir-birindən fərqlənir. Miopatiyalarda əzələlərin özündə parçalanma baş verir, ona görə xəstədə arıqlama müşahidə edilir. Lakin spinal və nevral amiotrofiyalarda əzələnin sinir təchizatı pozulur və nəticədə əzələ öz funksiyasını tam yerinə yetirə bilmir. Xəstəliyin əsas əlamətləri isə əzələ zəifliyi, ətraflarda arıqlama, yerişin pozulmasıdır. Patologiyanın bəzi növlərində isə tənəffüs pozulması, ürək problemləri və bir sıra digər anomaliyalar baş verə bilər”.

Həkim-rezident problemin hansı yaş qruplarında müşahidə edilməsi barəsində də məlumat verib: “İrsi miopatiyalara 2-3 və 50-60 yaşdan, spinal amiotrofiyalara doğuşun ilk həftəsindən və 20-30 yaşdan, nevral amiotrofiyalara isə 10-20 yaşdan başlayaraq rast gəlmək mümkündür”.

A.Mürsəlova onu da vurğulayıb ki, bu xəstəlik irsi olduğu üçün müalicəsi yoxdur: “Yalnız reabilitasiya üsulları ilə xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaq mümkündür. 2016-cı ildən başlayaraq, amerikalı mütəxəssislər tərəfindən hazırlanan dərman vasitəsinin bu xəstəliklə mübarizədə mühüm rol oynadığı aşkar edilib. Hazırda bu dərman vasitəsi türkiyəli mütəxəssislər tərəfindən də istifadə edilməyə başlayıb”.

 

AZƏRTAC