Xəstəxanalarda qeydiyyat mərkəzləri yaradıldı

Ailə Sağlamlıq Mərkəzinə müraciət edən vətəndaşlar əvvəlcə ailə həkimləri tərəfindən qəbul edilir, sonra müayinələrdən keçmək üçün müayinələrə göndərilirlər

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 21 yanvar — Sputnik. İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar səhiyyə müəssisələrində qeydiyyat mərkəzləri yaradılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə İcbari Tibbi Sığorta Agentliyinin koordinatoru Səbinə Quliyeva məlumat verib.

O bildirib ki, Ailə Sağlamlıq Mərkəzinə müraciət edən vətəndaşlar əvvəlcə ailə həkimləri tərəfindən qəbul edilir, sonra müayinələrdən keçmək üçün müayinələrə göndərilirlər: “Ehtiyac olduqda ixtisaslı həkimə yönləndirilirlər. İnzibati ərazi üzrə müvafiq ixtisaslı həkim yoxdursa, digər xəstəxanalara göndərilirlər. Ancaq vətəndaş ailə həkiminə müraciət etmədən birbaşa hansısa xəstəxanaya müraciət edirsə, təyin edilən miqdarda müştərək maliyyələşmə məbləği ödəməlidir”.

Qeyd edək ki, müştərək maliyyələşmə məbləğinin tətbiqinə 1 aprel 2020-ci ildən başlanılacaq. Sığortaolunan tərəfindən Xidmətlər Zərfində müəyyən edilən şərtlərə uyğun olaraq icbari tibbi sığorta təminatı çərçivəsində ixtisaslaşdırılmış ambulator tibbi yardım, stasionar tibbi yardım, o cümlədən təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün müraciət olunduğu halda müştərək maliyyələşmə məbləği ödənilmir.