Xankəndidə uşaqlar üçün tibbi aksiya keçiriləcək
Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” Proqramı çərçivəsində növbəti sosial layihə təşkil olunur. Sağlam həyat tərzinin təşviqi məqsədilə nazirliyin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun ixtisaslı həkim heyəti Xankəndi şəhərinin balaca sakinləri üçün tibbi müayinələr aparacaq.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbirin əsas məqsədi Xankəndidə məskunlaşan uşaqların sağlamlığının qorunması, müxtəlif xəstəliklərin erkən aşkarlanması, profilaktik tədbirlərin həyata keçirilməsi və valideynlərin peşəkar pediatr məsləhətləri ilə təmin edilməsidir.
Tədbir çərçivəsində uşaqlar müxtəlif ixtisaslı həkimlər tərəfindən müayinə olunacaq, onların sağlamlıq vəziyyəti qiymətləndiriləcək, valideynlərə isə düzgün qidalanma, inkişaf, peyvəndləmə və xəstəliklərin profilaktikası ilə bağlı tövsiyələr veriləcək.
“Uşaqlar bizim gələcəyimizdir!” şüarı altında keçiriləcək aksiyada bütün Xankəndi sakinləri uşaqlarının sağlamlığı naminə fəal iştirak etməyə və yaradılan imkanlardan faydalanmağa dəvət olunur.