Valideynlik hüquqlarından məhrumetmə barədə (Yazı I)

Azərbaycan Respublikasının Ailə Məcəlləsi valideynlərin (onlardan biri) valideynlik hüquqlarından məhrum edilməsi hallarını nəzərdə tutmuşdur. Bunlar aşağıdakılardır:
- öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;
- alimenti qəsdən ödəmədikdə;
- heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə;
- valideynlik hüquqlarından sui-istifadə etdikdə;
- uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;
- xroniki alkoqol və narkomaniya xəstəsidirsə;
- uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə;
- uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə.
Valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir. Məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən (onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, müvafiq icra hakimiyyəti orqanının, prokurorun, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxır.
Qeyd edək ki, valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən məhkəmə valideynlik hüquqlarından məhrum edilmiş valideynlərdən (onlardan birindən) uşağa aliment tutulması məsələsini də həll edir. Valideynlik hüquqlarından məhrumetmə işinə prokurorun iştirakı olmadan baxılarkən məhkəmə valideynin (onlardan birinin) hərəkətlərində cinayət əməli olduğunu aşkar edərsə, bu barədə prokurora məlumat verməyə borcludur.